AZ

Səməd Seyidov: Bakı Avrasiyanın xəritəsini yenidən formalaşdırır

BAKI, 27 oktyabr. TELEQRAF

"Azərbaycanla Ermənistan arasında sülh və etimad quruculuğu istiqamətində rəsmi Bakının mövqeyi birmənalıdır. Faktiki olaraq, bu gün gözümüzün önündə regionda yeni beynəlxalq münasibətlərin formalaşması prosesi gedir. Bu da Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir".

Bu sözləri Teleqraf-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədrinin görə, bu ilin avqustun 8-də Vaşinqtonda imzalanmış (Azərbaycan, ABŞ və Ermənistan) razılaşmalar artıq real müstəvidə icra edilir: “Prezident İlham Əliyevin bu yaxınlarda Qazaxıstana səfəri, orada keçirdiyi yüksək səviyyəli görüşlər fonunda iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyinin şahidi oluruq. Bu amil faktiki olaraq, Avrasiyanın xəritəsini dəyişir. Elə əlaqələr formalaşır ki, bu regionda yaşayan ölkələrə də təsir göstərəcək”.

Səməd Seyidov məhz Qazaxıstandan Ermənistana göndərilən taxılın Azərbaycandan keçidinin təmin edilməsinin bu kontekstdə mühüm amil olduğunu qeyd edib: “Bu əslində tarixi və xüsusi əhəmiyyət kəsb edən məsələdir. Azərbaycanın sülhsevər siyasətinin təntənəsi özünü göstərdi. Kommunikasiyaların açılması ilə bağlı ilk addımı məhz rəsmi Bakı atmış oldu. Ölkə başçısının da bəyan etdiyi kimi 2028-ci ilə qədər açılacaq Zəngəzur dəhlizi (Tramp marşrutu) bu mənzərəni tam şəkildə dəyişdirəcək. Bununla da ölkəmiz əlaqələrin siyasi cəhətdən necə təşkil edildiyinin nümunəsini ortaya qoydu”.

“Azərbaycan üzərindən daşınan yüklərə məhdudiyyətlərin aradan qaldırılması, vətəndaş cəmiyyəti təmsilçilərinin İrəvana səfəri, Milli Məclis sədrinin ermənistanlı həmkarı ilə keçirdiyi görüşlər yeni dünyanın əlaqələrinin cizgiləridir. Bütün bunlar uzunmüddətli və bütün xalqlar üçün xeyirli sülhün tam şəkildə bərqərar olmasına dəlalət edir”, - deyə deputat əlavə edib.

Seçilən
43
teleqraf.com

1Mənbələr