AZ

İstintaq: Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl...

İstintaq: Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl...

Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə gətirib.

AFN.az Musavat.com-a istinadla xəbər verir ki, 15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, "Arzu" Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.

2010-cu il sentyabrın 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayeva, qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılmayıblar. Mərhum iş adamının qızı Gülnarə Həbibova qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.

Gülnarə Həbibova 24 oktyabr 2025-ci ildə istintaqa müraciətində qeyd edib: "Anamı Ramiz Mehdiyevin çətiri altında qorunan icra başçısı məhv etdi".

Müraciətdə qız açıq şəkildə bildirir ki, anasının ölümü Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayev, onun müavini Akif Mərdanov və bölgədəki imkanlı şəxslərdən ibarət maraqlı qruplaşmanın sifarişi ilə baş verib.

"Anam qətlindən əvvəl 3 il ərzində Xaçmaz rayonunda bu qruplaşmanın təzyiqlərinə, şantajına, saxta yoxlamalarına qarşı təkbaşına mübarizə aparırdı. Onlar anamın əmlakını ələ keçirmək istəyirdilər. Anam məhkəmələri uddu, lakin 15 sentyabr 2010-cu ildə evində vəhşicəsinə qətlə yetirildi."

Şikayətdə qeyd olunur ki, həmin dövrdə Prezident Administrasiyasının Regional idarəetmə şöbəsində Xaçmaz rayonu üzrə kurator vəzifəsini Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev icra edib.

"Anam dəfələrlə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayətlər göndərmişdi, lakin heç bir reaksiya verilmədi. Sonradan məlum oldu ki, o zaman Xaçmaz rayonuna kurator təyin olunan şəxs Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev imiş. Həmin şəxs sonradan iki çağırış Milli Məclisin deputatı seçildi və bu gün də rayonda milyonluq əmlaklara sahibdir".

Gülnarə Həbibova iddia edir ki, Şəmsəddin Xanbabayev Ramiz Mehdiyevlə çox yaxın münasibətdə olub və Mehdiyevlər ailəsinin Xaçmazdakı əmlaklarının qorunması məhz bu əlaqə ilə təmin edilib.

"İstintaqın ilk günlərindən sifarişlə qətl versiyasının üzərindən ötəri keçdilər. Çünki Xanbabayev təkcə rayon rəhbəri deyildi, həm də Ramiz Mehdiyevin adamı idi. O, yalnız öz səlahiyyətləri ilə yox, həm də onu qoruyanların resurslarından istifadə etməklə istintaqın obyektiv aparılmasına mane oldu".

15 ildir açılmayan bu qətl işinin motivi ortadadır. Qətldən öncə Nəcimə Babayevadan bazarın zor gücünə alınması üçün Ramiz Mehdiyevin himayəsində olan icra başçısı Şəmsəddin Xanbabayev və ətrafı tərəfindən təzyiqlər göstərilib. Lakin Nəcimə Babayeva təzyiqlərə tab gətirib, məhkəmələrdən qalib ayrıldığı üçün "mehdiyevçi"lərin planları pozulub. Bundan sonra Nəcimə Babayeva evində öldürülüb və qətlin ailə-məişət zəminində törədilməsi barədə yanlış versiya ortaya atılıb.

Qətldən sonrakı illərdə onun övladları təqib və təzyiqlərə məruz qalıblar. Ailənin qətlin üstünün açılması üçün yazdıqları şikayətlər seyflərdə qalıb, Gülnarə Həbibova və ailəsinə qarşı saxta ittihamlar irəli sürülüb.

"Görünür, arxasında Ramiz Mehdiyev olan şəxslərin adı hallanan bir ölümün açılmasını tələb etmək həyatımız bahasına başa gələ biləcək bir əməl imiş. Mənim və ailəmin başına gələ biləcək faciələrə görə məsuliyyət daşıyacaqlar. Xahiş edirəm, anamın qətli ilə bağlı təqdim etdiyim məlumatları yenidən əməliyyat qaydasında araşdırasınız. Mənim və ailəmin başına gələ biləcək faciələrin qarşısını almaq üçün bu cinayət işinə müdaxilə vacibdir".

Xatırladaq ki, Şəmsəddin Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, Akif Mərdanov isə həmin dövrdə onun birinci müavini olub. Hər iki şəxs 5 il öncə vəzifədən uzaqlaşdırılıb. Buna baxmayaraq, Nəcimə Babayevanın qətl işinin üstünün açılmasına imkan verilməyib.

Nəcimə Babayevanın övladları analarının sifarişli qətl işinin üstünün açılmasını xahiş edirlər. Onlar bildirirlər ki, bu, Ramiz Mehdiyevin şimal zonasındakı şəbəkəsinin 15 illik qanlı fəaliyyətinin sonu olacaq.

Seçilən
12
20
afn.az

10Mənbələr