Sloveniya Respublikasının Lyublyana şəhərində Maliyyə üzrə Təcrübə Mərkəzi (CEF) tərəfindən “Auditdə dürüstlük, etika və hesabatlılıq” mövzusunda beynəlxalq tədbir və praktiki təlim keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Milli Gəlirlər Baş İdarəsinin rəis müavini Kamran Səfərəliyev və Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) baş idarəsinin şöbə rəisi Orxan Şixəmmədov iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılara daxili audit məqsədləri üçün etik davranış prinsipləri, dürüstlük və hesabatlılıq anlayışları barədə təqdimatlar edilib, audit zamanı tətbiq olunan müasir yanaşmalarla bağlı təlimlər keçirilib.
Təlimçilər öz təşkilatlarında formalaşmış praktiki təcrübələri bölüşərək interaktiv və səmərəli müzakirələr aparıblar. Müzakirələr zamanı audit prosesində empatiya hissinin əhəmiyyəti, insan münasibətlərinin rolu, düzgün olmayan kommunikasiyanın yarada biləcəyi fəsadlar, eləcə də auditorlar üçün zəruri olan peşəkar keyfiyyətlərin praktik tətbiqi məsələləri nəzərdən keçirilib.