Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Minval Politika-ya eksklüziv şərhində Vaşinqtonda keçiriləcək Orta Asiya-ABŞ sammitində Azərbaycanın potensial iştirakı ilə bağlı fikirlərini bildirib.
"Mən Azərbaycanın belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, strateji vizyonu və Prezident İlham Əliyevin siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır, mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilir.
Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Mən həmçinin Prezident Donald Trampın çox yaxın gələcəkdə Vaşinqtonda sammit keçirmək təşəbbüsünü çox vaxtında və dəstəyə layiq hesab edirəm. Əminəm ki, bu tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya ölkələrinin liderlərini 6 noyabrda Vaşinqtonda keçiriləcək Orta Asiya-ABŞ sammitində iştirak etməyə dəvət etdiyi bildirilirdi.