Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak bundan sonra ödənişli olacaq. Lakin bu qərar bir sıra istisna hallara şamil edilməyəcək.
Belə ki, ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailə üzvləri, şəhid ailələrinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər bu qaydadan azad ediləcəklər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Hədəf Liseyinin direktoru Elmin Yaqubbəyli bildirib ki, müəllimlərin işə qəbul prosesində ödənişli mexanizmin tətbiqi ictimai rəyin və namizədlərin motivasiya səviyyəsinin azalması ilə nəticələnə bilər:

“Onsuz da əməkhaqları digər sahələrlə müqayisədə aşağı olan və sosial nüfuz baxımından tam qənaətbəxş qiymətləndirilməyən müəllimlik peşəsinə giriş üçün əlavə maliyyə tələbinin qoyulması bir çox namizədlərdə tərəddüd yarada bilər. Bu yanaşma xüsusilə sosial həssas qruplar üçün psixoloji maneə funksiyası daşıyır. Namizəddə "yalnız maddi imkanı olanlar müraciət etsin" kimi yanlış fikir formalaşa bilər ki, bu da perspektivli pedaqoqların sistemdən uzaqlaşmasına səbəb ola bilər”.
Dünya təcrübəsində təhsil sektorunda kadr çatışmazlığı yaşandığı hallarda dövlətlər giriş baryerlərini azaltmağa, müraciət mexanizmlərini sadələşdirməyə üstünlük verirlər:
"Ödənişli sistem isə əks təsir göstərərək müəllimlik peşəsinin ümumi cazibəsini azalda bilər. Ali təhsil müəssisəsini yeni bitirən məzunların böyük hissəsinin sabit gəlir mənbəyi olmur. Bu səbəbdən işə qəbul müsabiqəsində iştirak üçün ödəniş tələb edilməsi onların üzərinə əlavə maliyyə yükü qoyur. Xüsusən də iki və ya daha çox cəhd etmək ehtiyacı yarandıqda xərc yükü artaraq istedadlı, lakin maddi imkanı məhdud olan namizədləri prosesdən uzaqlaşdıra bilər”.
Bu sistem eyni zamanda namizədlərdə “pul ödədiyim üçün mütləq uğur qazanmalıyam” düşüncəsini gücləndirərək əlavə psixoloji gərginlik yarada bilər:
“Stress altında verilən qərarlar, diqqətin yayılması və emosional təzyiq imtahan nəticələrinə mənfi təsir göstərə bilər. Nəticə etibarilə bu yanaşma gənc pedaqoqların karyera inkişafını ləngidə, hətta peşədən uzaqlaşmalarına səbəb ola bilər”.
Regionlarda yaşayan namizədlər üçün bu sistem xüsusi çətinliklər yarada bilər, çünki onların əlavə xərcləri yalnız imtahan haqqı ilə məhdudlaşmır:
“Bir çox hallarda nəqliyyat, qidalanma və müvəqqəti qalma kimi əlavə xərclər yaranır. Regionlarda işsizlik səviyyəsinin nisbətən yüksək olması fonunda bu xərclər daha ağır hiss olunur və sosial ədalətsizlik təəssüratı yaradır. Qanunvericilikdə müəyyən imtiyazlı qruplar üçün güzəştlər nəzərdə tutulsa da, regionda yaşayan sıravi namizəd bu kateqoriyaya daxil edilmir. Praktiki olaraq sosial yardım almayan, lakin real həyat şəraiti çətin olan çoxsaylı ailələr var. Bu baxımdan regionlar üçün xüsusi kompensasiya mexanizmlərinin tətbiqi aktual görünür”.
Ödənişli iştirak mexanizmi nəzəri cəhətdən idarəetmə yükünü azalda və resursların daha səmərəli bölüşdürülməsinə xidmət edə bilər:
"Lakin praktiki müstəvidə bu, sosial bərabərlik prinsipinə təsir göstərə, müraciət edənlərin sayını azalda və sektorun insan kapitalını məhdudlaşdıra bilər.
Gənc və regiondan olan namizədlər üçün bu sistemin mənfi tərəfləri daha qabarıq hiss edilə bilər. Problemin yumşaldılması üçün bəzi yanaşmalar nəticə verə bilər, məsələn, ilk cəhdin ödənişsiz saxlanılması, aşağı gəlirli namizədlər üçün dövlət subsidiyası, ödənişin işə qəbuldan sonra maaşdan minimal faizlə tutulması və ya regionlara fərqli tariflərin tətbiqi. Bu cür alternativlər həm maliyyə yükünü yüngülləşdirər, həm də kadr çatışmazlığının qarşısını alaraq sistemin ədalətliliyini təmin edə bilər”, - deyə Elmin Yaqubbəyli əlavə edib.