Dünya şöhrətli rejissor Francis Ford Koppola pulsuzluq üzündən şəxsi əşyalarını satmağa başlayıb.
AzPost-un məlumatına görə, “Xaç atası” filminin məşhur rejissoru etiraf edib ki, üzdə qalmaq üçün bir az pula ehtiyacı var.
Koppola New York Times qəzetinə verdiyi açıqlamada bildirib ki, bunun üçün o, bəzi şəxsi əşyalarını hərraca çıxaracaq.
Məsələn, rejissorun İsveçrə saat istehsalçısı F.P. Journe ilə əməkdaşlıqda dizayn etdiyi saatlar da daxil olmaqla, lüks saatlar kolleksiyası hərraca çıxarılacaq. Koppola tərəfindən dizayn edilən azsaylı saatlardan biri əvvəllər 5 milyon dollara satılıb.
Rejissorun son filmi olan “Megalopolis” onu borca salıb. Qalmaqallar və uyğunsuz davranış ittihamları ilə əhatə olunmuş filmin qiyməti 100 milyon dollardan çox olub. O, iki şərab zavodunu sataraq filmi öz cibindən maliyyələşdirib. Lakin film kassada uğursuz olub və cəmi 14 milyon dollar qazanıb.
“Borc aldığım bütün pulları “Megalopolis” filminin çəkilişinə yatırdığım üçün pulum yoxdur. Demək olar ki, pulum tükənib”, – Koppola etiraf edib.