“Azersun”a yaxın olan “Xəyal Adası” yaşayış-ticarət-əyləncə kompleksi “Xəyal Adası” MMC (Dream Land) 2024-cü ildə 647 min manata yaxın xalis mənfəət əldə edib. Halbuki, bu 2023-cü ildə 4 milyon 519 min manat xalis zərər idi.
Banker.az xəbər verir ki, şirkət hesabat müddətində 6 milyon 992 min manat əməliyyat mənfəəti əldə edib.
Lakin şirkət ümumilikdə yenidənqiymətləndirmə səbəbindən 1 milyon 938 min manat zərər etdiyindən ümumi olaraq 1 milyon 292 min manat zərərdədir. Bu biznesin hələ ümumi yığılmış zərəri mənfəətə çevrilməsi üçün növbəti illərdə 10 milyon manata yaxın xalis mənfəətlə bitirmək lazımdır.
2100-dən çox mənzil və 300-ə yaxın villa, həmçinin məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, idman – o cümlədən 18 çalalı qolf sahəsindən ibarət ola bu layihə indiyə qədər investisiyalar səbəbindən zərər açıqlayırdı.
İnvestisiyanın nəzərəçarpan dəyişikliyi onun gəlirlərindəndir. Belə ki, ümumi gəlirləri 2023-cü ildəki 46.5 milyon manatdan 2024-cü ildə 68.3 milyon manata yüksəlib — yəni 47%-lik artım qeydə alınıb. Gəlir artımının əsas hissəsi binaların təqdim edilməsi və əyləncə üzrə fəaliyyətlərdən əldə edilib — bu sahədən gəlirlər 7.7 milyon manatdan 53.4 milyon manata sıçrayıb. Layihə işə düşməsinə görə, şirkətin bu istiqamətdə gəliri təxminən 7 dəfə artıb.
Digər gəlirlər:
Orta məktəb təhsili xidmətlərindən gəlir 9.7 milyon manat olub (2023-cü ildə 9milyon manat). Məktəbəqədər təhsil xidmətlərindən gəlir 557 min manata düşüb (2023: 590 min manat). İaşə xidmətlərindən gəlir 4.7 milyon manat təşkil edib (2023: 1.9 milyon manat). Daşınmaz əmlakın icarəyə verilməsindən gəlirlər 3.8 min manat olub (2023: 1.9 milyon manat). Malların təqdim edilməsindən gəlirlər isə azalıb – 17.4 milyon manatdan sıfıra yaxınlaşıb.Ümumi və inzibati xərclər 26.6 milyon manat, satış xərcləri isə 3.4 milyon manat olub.
Beləliklə, gəlirlərdəki sıçrayış mənfəətliliyi əhəmiyyətli dərəcədə artırıb.
Balans göstəricilərinə görə, “Xəyal Adası” MMC-nin ümumi aktivləri 2024-cü ilin sonuna 326.4 milyon manat, kapital və öhdəlikləri isə eyni məbləğdə təşkil edib. Aktivlər əvvəlki ildəki 317.9 milyon manatdan 2.7% artıb.
Cari öhdəliklər 113.7 milyon manat, uzunmüddətli borclar isə 72.7 milyon manat olub.
Səhmdar strukturu da dəyişib. 2023-cü ildə şirkət “Agro Land Development” MMC (70%) və “Global Agro Industry FZCO” (30%) tərəfindən idarə olunurdu. 2024-cü ilin hesabatına görə isə səhmlər artıq “Klovan” MMC (70%) və “Global Agro Industry FZCO” (30%) arasında bölünüb.