Məlum olduğu kimi, Azərbaycan, Türkiyə və Ermənistan arasında tranzit yüklərin daşınması ilə bağlı adıçəkilən ölkələr tərəfindən müvafiq bəyanatlar verilib, siyasi hakimiyyətlərin bununla bağlı razılığı ifadə olunub.
Maraqlıdır, bu yenilik Azərbaycan iqtisdiyyatına nə vəd edir?
Moderator.az-a açıqlama verən millət vəkli, iqtisadçı alim Vüqar Bayramov, məlum yeniliyin Azərbaycan iqtisdiyyatına fayda verəcəyini vurğulayıb:
“Azərbaycan regionda sülhü və əməkdaşlğı dəstəkləyən ölkədir. Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması da, təbii ki, ölkəmizin sülhsevər mövqedə olduğunu bir daha təsdiq edir. Bu, ondan xəbər verir ki, Azərbaycan real olaraq regionda sülhü dəstəkləyir.
Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana daşınması tranzit imkanları baxımından müsbət haldır.
Ümumiyyətlə, nəzərə alaq ki, Ermənistanın eksportu və reeksporu var. Ermənistanın idxalı da mövcuddur. Buna görə də, Azərbaycan tranzit olaraq mövqeyini gücləndirmiş olur.
Ölkəmiz eyni zamanda bununla sülhə dəstəyini açıq şəkildə nümayiş etdirir. Açıq şəkildə göstərir ki, Azərbaycan regionda sülhün möhkəmlənməsində maraqlıdır. Digər tərəfdən isə bu əlaqələrdən tranzit ölkə olaraq daha çox gəlir əldə etmək imkanı qazanır.
Hesab edirəm ki, baş verənlər Azərbaycanın tranzit gəlirlərinin artmasına gətirib çıxaracaq.
Bu, biznes üçün də yeni imkanlar açır, dövlət büdcəsinbin gəlirlərini artırır. Tranzit daşımaları həm dövlət gəlirlərinə təsir göstərir, həm də ölkənin geosiyasi mövqeyini daha da gücləndirir”
Seymur ƏLİYEV