AZ

Sergey Lavrovun son açıqlaması sülhə işarə ola bilər? - ŞƏRH

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun son açıqlamaları Ukrayna münaqişəsinin diplomatik yolla həllinə dair yeni mərhələnin başlaya biləcəyinə işarə edir.

 

Lavrov bildirib ki, tərəflər “təklif olunan əsasda praktiki olaraq irəliləməyə” hazırdır, bu isə danışıqlara texniki və məzmun baxımından yanaşma niyyətini göstərir.

 

Sual yaranır: Bu diplomatik açıqlamalar münaqişənin həllinə real ümid yarada bilərmi və tərəflər kompromisə nə dərəcədə açıqdır?

 

"Bakuinfo" xəbər verir ki, politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Sergey Lavrovun açıqlaması Ukrayna münaqişəsinin diplomatik həllinə dair yeni bir mərhələnin başlaya biləcəyinə işarə edir.

 

Onun sözlərinə görə, Vladimir Putinin ABŞ-nin konsepsiyasını qəbul etməyə hazır olduğunu bildirməsi tərəflər arasında danışıqlar üçün müəyyən imkanların yarandığını göstərir:

 

“Bu, münaqişənin siyasi yolla həllinə dair beynəlxalq səylərin aktuallığını qoruduğunu təsdiqləyir. Lavrovun “təklif olunan əsasda praktiki olaraq irəliləməyə” hazır olduqlarını deməsi prosesə texniki və məzmun baxımından yanaşma niyyətini ortaya qoyur. Lakin ABŞ-nin bu təklifə birbaşa cavab verməməsi danışıqların hələlik qeyri-müəyyənlik mərhələsində olduğunu göstərir”.

 

Politoloq qeyd etdi ki, münaqişənin həlli üçün tərəflərin kompromisə açıq olması vacibdir:

 

“Danışıqların gələcək müstəvisi konkret mexanizmlərin işlənməsi və beynəlxalq hüquq çərçivəsində aparılması ilə bağlı ola bilər. ABŞ-nin konsepsiyası ətrafında aparılan müzakirələr regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə emosional ritorikadan uzaq, praqmatik və balanslı yanaşma ön plana çıxmalıdır. Lavrovun açıqlaması həm də diplomatik kanalların açıq olduğunu göstərir. Danışıqların uğuru üçün beynəlxalq hüquq və suverenlik prinsiplərinə hörmət əsas şərtdir. Münaqişənin həlli yalnız tərəflərin iradəsi ilə mümkün ola bilər. Bu mərhələdə diplomatik səylərin intensivləşməsi vacibdir. Lavrovun fikirləri danışıqlar üçün ehtiyatlı optimizmə əsaslanan bir mərhələnin başlanğıcı kimi görünür”.

 

T.İsmayılovun fikrincə, ABŞ-nin cavabı bu prosesin istiqamətini müəyyən edəcək. Nəticə etibarilə, münaqişənin həlli üçün real addımlar və qarşılıqlı etimad mühüm rol oynayacaq.

Seçilən
22
bakuinfo.net

1Mənbələr