ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xorvatiyanın Osiyek şəhərində (qədim Mursiyada) arxeoloqlar möhtəşəm bir kəşf ediblər – qədim bir quyu içərisində eramızın 260-cı ilində baş vermiş qanlı döyüşdə həlak olmuş yeddi kişinin qalıqları aşkarlanıb. Onların Roma əsgərləri olduğu ehtimal edilir.
Bizimyol.info xəbər verir ki, qazıntılar hələ 2011-ci ildə, yerli universitet binasının tikintisindən əvvəl başlayıb. Tədqiqatçıların verdiyi məlumata görə, cəsədlər lazımi qaydada dəfn edilmədən quyuya atılıb – bəziləri başıaşağı vəziyyətdə idi. Bu isə ölülərdən tələsik şəkildə qurtulmağa çalışıldığını göstərir.
Tədqiqatın rəhbəri, Zaqrebdəki Antropoloji Tədqiqatlar İnstitutunun bioarxeoloqu Mario Novakın sözlərinə görə, cəsədlər quyuya atılmadan əvvəl onların üzərindən silah və zirehlər çıxarılıb.
Analizlər göstərib ki, hamısı kişi olub, onlardan dördü gənc yaşda imiş. Sümüklərdə ağır yaraların izləri qalıb – sınıqlar, mərmilərdən və ya silah zərbələrindən yaranan xəsarətlər, baş nahiyəsində zədələr aşkarlanıb. Radiokarbon analizləri və yaxınlıqda tapılan, 251-ci ilə aid sikkə sübut edir ki, qalıqlar III əsrin ikinci yarısına məxsusdur.
Alimlər hesab edirlər ki, bu şəxslər imperator Qallien və üsyançı İnqen arasında baş vermiş vətəndaş müharibəsi zamanı Mursiya döyüşündə həlak olmuş əsgərlərdir. Qallienin qələbəsindən sonra düşmən qüvvələrə qarşı amansız qisas tədbirləri həyata keçirilib, bu isə cəsədlərlə kobud rəftarı izah edir.
DNT analizləri göstərib ki, ölənlər etnik baxımdan çox müxtəlif idilər – bu da həmin dövrdə Roma ordularının tərkibinə uyğun gəlir. Belə ki, ordu sıralarında sarmatlar, qalllar və saksonlar kimi müxtəlif xalqların nümayəndələri xidmət edirdilər.
Novakın sözlərinə görə, arxeoloqlar artıq oxşar tapıntıların ola biləcəyi daha bir quyu üzərində tədqiqat aparmağa hazırlaşırlar. Ehtimal olunur ki, həmin quyu da eyni döyüş hadisələri ilə bağlıdır.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.