ARB24 telekanalında aparıcı Çinarə Nurməmmədovanın təqdimatında yayımlanan “İşgüzar səhər” verilişində regionda baş verən son proseslər, xüsusilə Ermənistanda gedən daxili siyasi vəziyyət müzakirə olunub.
Musavat.com xəbər verir ki, Verilişin qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olub.
Proqramda diqqət çəkən mövzulardan biri də ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında son telefon danışığı və həmin danışıqda Azərbaycan–Ermənistan sülh prosesinin ayrıca başlıq kimi yer alması olub. Xatırladaq ki, Tramp daha sonra mediaya açıqlamasında bildirib ki, o, Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması prosesinə özünün verdiyi şəxsi töhfəni xatırladıb və bunun çox çətin diplomatik məsələ olduğunu vurğulayıb:
“Bu, çox çətin idi. Amma mən bunu bacardım. Çoxları cəhd etdi, amma heç kim bacarmadı. Putin mənə dedi ki, sən mümkünsüz olanı etdin”, – Tramp demişdi.
Rauf Arifoğlunun verilişdə qeyd etdiyi kimi, bu faktın öz-özlüyündə Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirilməsi tam əsaslıdır. Çünki sülh prosesi artıq yalnız region daxilində deyil, dünya güclərinin siyasi gündəliyinə daxil edilib, Vaşinqton kimi qlobal paytaxtda rəsmi müzakirə predmetinə çevrilib. Bu isə yeni regional düzənin artıq beynəlxalq legitimlik qazandığını göstərir.
Rauf Arifoğlu vurğulayıb ki, Tramp və Putin kimi iki böyük güc lideri danışığında Azərbaycan mövzusunun yer alması təsadüf deyil:
“Azərbaycan həm sülhü, həm də regionda yeni status-kvonu məhz öz gücü ilə formalaşdırıb. Bu status-kvo indi dünyanın ən güclü kabinetlərində təsdiqlənir. ABŞ-ın prosesə daxil edilməsi – Bakının uğurudur.”
Lakin Arifoğlu əlavə edib ki, sülhün əsl müəllifi nə Putin, nə Trampdır:
“Azərbaycan–Ermənistan sülh prosesinin memarı İlham Əliyevdir. Bu, Azərbaycan dövlətinin siyasi iradəsinin, ordunun gücünün və xalqın birliyinin nəticəsidir.”
Verilişdə həmçinin Ermənistan daxilində kilsə–hökumət qarşıdurması, Paşinyanın yeni siyasi kursunun Moskva ilə münasibətlərə təsiri, eləcə də İstanbul və Vaşinqton xəttində Yerevanın dəyişən davranışları müzakirə olunub.
Musavat.com