AZ

“Hökumət real rifah artımı istəyirsə, minimum əməkhaqqı və sosial ödənişlər real inflyasiyaya indeksləşdirilməlidir”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılacaq. 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev media nümayəndələrinə açıqlamasında deyib. Musa Quliyev bildirib ki, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur: “O cümlədən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat olacaq".Yaşayış minimumunun 300 manata qaldırılması real inflyasiya səviyyəsini əks etdirirmi? Bu artım əhalinin alıcılıq qabiliyyətinə necə təsir göstərə bilər?Uşaqlar üçün 260 manatlıq yaşayış minimumu onların təhsil və sağlamlıq xərclərini qarşılamağa yetərlidirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əslində, 300 manatlıq yaşayış minimumu nominal artımdır: “Yaşayış minimumu və ehtiyac meyarı yalnız rəsmi göstərici deyil, həm də sosial siyasətin, əməkhaqqı və sosial təminat sisteminin əsas dayağıdır. Əslində, 300 manatlıq yaşayış minimumu nominal artımdır, amma real inflyasiya səviyyəsini tam əks etdirmir.

Rəsmi məlumata görə, 2025-ci ildə inflyasiya təxminən 5-6% səviyyəsində gözlənilir, lakin faktiki (əhalinin gündəlik xərclərinə təsir edən real) inflyasiya xüsusilə ərzaq və kommunal xidmətlərdə 10-12%-ə qədər yüksəlib. Məsələn, 2024-cü illə müqayisədə ərzaq məhsullarının qiymətləri 8-10%, kirayə və nəqliyyat xərcləri 6-7%, enerji daşıyıcıları və kommunal tariflər isə daha çox artıb. Bu mənzərə fonunda 15 manatlıq artım (285 -300 manat) inflyasiya fərqini kompensasiya etmir, yəni real alıcılıq gücü azalmaqda davam edəcək.

Yaşayış minimumunun artması, bir tərəfdən, minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin indeksasiyasına səbəb olur. Bu, rəsmi gəlirlərin artmasına yardım etsə də, əsl rifah artımı yaratmır. Məsələn, 2026-cı ildə yaşayış minimumu 300 manat olsa da, paytaxtda bir nəfərin aylıq ərzaq və zəruri xərcləri təxminən 450-500 manat, bölgələrdə isə 350-400 manat civarındadır. Beləliklə, yaşayış minimumunun 300 manat olması əhalinin real tələbatının 60-70%-ni ancaq qarşılaya bilir. Yəni alıcılıq gücü artımı nominaldır, real rifah isə sabit qalır və ya azalır”.

Akif Nəsirli

Akif Nəsirli qeyd edib ki, uşaqlar üçün hesablanan minimum ehtiyac meyarı yetərli deyil: “Əslində uşaqların minimum ehtiyac meyarı yetərli deyil. Uşaqlar üçün hesablanan 260 manatlıq yaşayış minimumu “orta” istehlak səbətinə əsaslansa da, real xərcləri əks etdirmir. Misal üçün, bir uşağın aylıq əsas xərcləri:

Qidalanma: 130-150 manat,Təhsil və məktəb ləvazimatları: 40-50 manat,Geyim, gigiyena, nəqliyyat: 60-80 manat,Sağlamlıq (dərman, həkim, sığorta və s.) 20-30 manat

Yəni real minimum 350 yox, ən azı 450-400 manat olmalıdır ki, uşaq həm sağlam, həm də təhsil baxımından adekvat şəraitdə yaşasın. Yaşayış minimumunun artırılması müsbət sosial siqnaldır, amma struktur baxımından kifayət deyil. Əgər hökumət real rifah artımı istəyirsə, minimum əməkhaqqı və sosial ödənişlər real inflyasiyaya indeksləşdirilməlidir, “İstehlak səbəti” yenilənməli, müasir tələblər və region fərqləri nəzərə alınmalıdır, Aşağı gəlirli ailələr üçün differensial dəstək mexanizmi tətbiq edilməlidir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
bizimyol.info

1Mənbələr