Avropa Komissiyası (AK) yaxın həftələrdə Avropa İttifaqı (Aİ) ölkələrinə Ukraynaya on milyardlarla avro məbləğində birgə kredit ayırmağı təklif edə bilər. Bu addım, Rusiyanın Avropadakı dondurulmuş suveren aktivlərindən istifadə etməklə Kiyev üçün nəzərdə tutulan "təzminat krediti" barədə konsensus əldə edilmədiyi halda atıla bilər. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri avropalı diplomatlara istinadən məlumat yayıb. Məlumata görə, AK-nın hazırlayacağı yeni sənəddə yalnız rus aktivlərinin müsadirəsi ilə bağlı təkliflər deyil, həm də Aİ ölkələrinin birgə borc öhdəlikləri götürməsi ideyası yer ala bilər. Diplomatik mənbələr bildiriblər ki, sənəddə üçüncü bir variant kimi - Ukraynaya maliyyə yardımının tamamilə dayandırılması da qeyd edilə bilər, lakin bu təklifi yalnız Macarıstanın dəstəkləyəcəyi ehtimal olunur.
Diplomatlar qeyd ediblər ki, bir çox Aİ ölkələri birgə borcun artırılması perspektivini mənfi qarşılayır və "təzminat krediti"ni Kiyevin maliyyələşdirilməsi üçün daha uyğun mexanizm hesab edirlər. "Politico"nun yazdığına görə, Avropa Komissiyası bu təklifi irəli sürməklə üzv dövlətləri hərəkətə keçməyə təşviq etməyə, hətta müəyyən mənada "təzyiq göstərməyə" çalışa bilər.
Xatırladaq ki, oktyabrın 23-də Brüsseldə keçirilən Aİ sammitində Rusiya aktivlərindən istifadə məsələsində razılıq əldə olunmayıb. Həmin gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Avropa İttifaqının rus aktivlərinin müsadirəsinə dair hər hansı təşəbbüsü "ağrılı və qəti cavab"la qarşılanacaq.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31