AZ

Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, narkotik və psixotrop maddələr barədə məlumatlılığın artırılması məqsədilə Abşeron RİH-in akt zalında “Narkomaniyaya qarşı mübarizəyə dair yaddaş təlimatı” mövzusunda maarifləndirici tədbir olub.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Abşeron RİH başçısının müavini, yerli komissiyanın sədri, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəhbəri, Sumqayıt şəhər Narkoloji Dispanserinin direktoru, QHT rəhbərləri, rayon polis şöbəsinin əməkdaşı, rayon Ağsaqqallar Şurasının sədri, yerli komissiyanın üzvləri, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə müavinlər, məktəb-valideyn komitələrinin rəhbərləri, psixoloqlar və müəllim heyəti iştirak ediblər.

Tədbirdə narkotik asılılığı probleminə dair biliklərin artırılması məqsədilə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsi, eləcə də yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələləri barədə ətraflı məlumat verilib. Mövzu ətrafında maraq doğuran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tədbir iştirakçılarına təqdim olunub.

 

Seçilən
47
azertag.az

1Mənbələr