AZ

Astarada qədim "pilləli qəbirlər"in qəribə mənası var - FOTO

ASTARA, 27 oktyabr. TELEQRAF

Astara rayonunun ucqar Əyərüd kəndində mövcud olan tarixi abidələr buraya gələn ziyarətçilərin diqqətini cəlb edir.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, kəndin qədim qəbiristanlığında yerləşən pilləli qəbir daşları həm yerli sakinlərin, həm də turistlərin maraq dairəsindədir.

Sənduqə tipli bu abidələr İslam dövrünə aid hesab olunur və özünəməxsus quruluşu ilə seçilir. Qəbir daşlarının üzərindəki pillələrin sayı hər məzar üçün fərqlidir və dəfn edilmiş şəxsin cəmiyyətdə tutduğu mövqeyi göstərir.

Əyərüd kənd sakinlərinin bildirdiyinəgörə, bu qəbir daşlarının üzərində bir vaxtlar ərəb qrafikalı yazılar olub və onları oxumaq mümkün imiş. Zaman keçdikcə yazılar mamır və torpaq altında itib, oxunmaz hala düşüb.

Kəndin yuxarı hissəsində yerləşən qəbiristanlıq kənddə dəfn edilən bütün şəxslərin son mənzilidir və bu yer xüsusilə turistlərin marağına səbəb olur.

Tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə qeyd edir ki, bu tip məzarüstü abidələr Azərbaycanın cənub-şərq bölgəsi üçün xarakterikdir. Onun sözlərinə görə, bu formadakı qəbir daşları daşişləmə sənətinin yerli xüsusiyyətlərini əks etdirir və bu abidələrin daha dərindən öyrənilməsi üçün epiqrafik araşdırmalara ehtiyac var.

Tarixçilər hesab edirlər ki, bu qədim qəbiristanlıq 8–9-cu əsrə aid ola bilər. Lakin indiyə qədər ərazidə heç bir elmi araşdırma aparılmayıb. Qədim məzarların tədqiqi həm bölgənin tarixi haqqında yeni bilgilər verə, həm də turizm baxımından mühüm əhəmiyyət daşıya bilər.

Seçilən
51
teleqraf.com

1Mənbələr