AZ

AYİB Şəkinin su infrastrukturunun yenilənməsi üçün 89 milyon avro ayıracaq

BAKI, 27 oktyabr. TELEQRAF

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana Şəki şəhəri və ətraf kəndlərdə su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsi infrastrukturunun yenilənməsi məqsədilə 89 milyon avro məbləğində suveren kredit ayrılmasını araşdırır.

Teleqraf xəbər verir ki, layihənin icrasına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cavabdeh olacaq. Ümumi dəyəri 93 milyon avro olan layihə müasir və dayanıqlı su və tullantı sularının idarəetmə sisteminin qurulmasını, fasiləsiz su təchizatını və iqlim dəyişikliklərinə qarşı davamlılığı təmin etməyi nəzərdə tutur.

Layihə çərçivəsində Şəki və qonşu kəndlərdə (Oxud, Kiş və Qoxmuq) su təchizatı və tullantı sularının təmizlənməsi xidmətləri təkmilləşdiriləcək, su itkisi azaldılacaq və bioloji təmizləmə sistemləri yaradılacaq. Bu, həmçinin çirkab və tullantı sularının emissiyalarını azaltmaqla ətraf mühitə müsbət təsir göstərəcək.

Layihə “B” kateqoriyasına aid edilir və ətraf mühit və sosial risklərin qiymətləndirilməsi aparılır. Qiymətləndirmə nəticəsində hazırlanacaq ekoloji və sosial fəaliyyət planı çərçivəsində təhlükəsizlik, torpaq sahələrinin alınması, ekoloji təsir və sosial müdafiə məsələləri nəzərə alınacaq.

Layihə həmçinin yaşıl keçid istiqamətində su xidmətlərinin keyfiyyətinin artırılmasını və inklüziv keçid çərçivəsində su sektoru üzrə ixtisasartırma proqramının hazırlanmasını dəstəkləyəcək.

Texniki yardım Avropa İttifaqının İqtisadi və İnvestisiya Planı vasitəsilə maliyyələşdiriləcək, layihəyə əlavə qrant dəstəyi də nəzərdə tutulur.

Seçilən
31
teleqraf.com

1Mənbələr