Ankara və London Böyük Britaniya Baş naziri Kir Starmerin Ankaraya səfərinin nəticəsi olaraq “Eurofighter” qırıcı təyyarələri ilə bağlı saziş imzalamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə NTV telekanalı mənbələrə istinadla məlumat yayıb.
Starmer oktyabrın 27-də Ankaranı ziyarət edəcək. Onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək. Görüşdən sonra ikitərəfli sənədlərin, o cümlədən Türkiyəyə 40 ədəd yeni nəsil “Eurofighter” qırıcısının satışı barədə müqavilənin imzalanması planlaşdırılır.
Türkiyə prezidenti daha əvvəl bildirmişdi ki, ölkəsi “Eurofighter” təyyarələrinin alınması ilə bağlı Qətər və Oman ilə danışıqlar aparır.
Son illərdə Türkiyə Hərbi Hava Qüvvələrinin aviaparkını yeniləmək məsələsini aktiv şəkildə həll etməyə çalışır. Bunun üçün ölkə özünün beşinci nəsil KAAN qırıcısını hazırlayır, bu təyyarənin yaxın illərdə silahlanmaya daxil edilməsi planlaşdırılır.
Keçid dövrü üçün isə Türkiyənin Hərbi Hava Qüvvələri müasir döyüş təyyarələri ilə gücləndirilməlidir. Bu məqsədlə Ankara ABŞ ilə F-16 təyyarələrinin son modernləşdirilmiş versiyalarının alınması barədə razılığa gəlib, amma bu müqavilənin praktiki icrasına hələ başlanmayıb.
Bununla yanaşı, Ankara “Eurofighter” konsorsiumuna daxil olan ölkələrlə də yeni qırıcıların alınması üçün danışıqlar aparır.