AZ

“Qarabağ”ın bu nəticəsi Azərbaycan çempionatının inkişafından xəbər verir” - “Şamaxı”nın legioneri

“Şamaxı” Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Qarabağ”la qolsuz heç-heçə etdi. Matçdan sonra “şirlər”in portuqaliyalı futbolçusu Dioqo Balau Teleqraf-a müsahibə verib.
 
Moderator.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi həm bu görüş, həm də digər maraqlı sualları cavablandırıb.
 
– 1 xal qazandığınız görüşü necə dəyərləndirərdiniz?
 
– Çətin oyun oldu. Biz bunun fərqində idik. Amma nəticə pis olmadı. Komanda olaraq qazandığımız nəticəyə görə xoşbəxtəm.
 
– “Qarabağ” kimi UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində çıxış edən komandaya qarşı oynamaq sizdə əlavə motivasiya yaradırdı?
 
– Təbii ki, həm mən, həm də bütün komanda bundan təsirlənirdi. Qitənin ən nüfuzlu turnirində çıxış edən komandadırlar. Bu səviyyədə bir komandaya qarşı oynamaq ciddi məsuliyyət tələb edir və biz buna hazır idik.
 
– Ümumiyyətlə, “köhlən atlar”ın ÇL-dəki çıxışını izləyir və dəstəkləyirsinizmi?
 
– Bəli, bütün oyunlarını izləyirəm.
 
– Elə II turda “Benfika” ilə qarşılaşdı və 3:2 hesabı ilə qalib gəldi. Portuqaliyalı futbolçu olaraq kimi dəstəkləmişdiniz?
 
– Çətin sualdır. Futbol maraqlı oyundur. Mən sadəcə oyundan həzz aldım, heç kimi dəstəkləmirdim. Amma etiraf edim ki, “Qarabağ”ın qələbəsi mənim üçün xoş sürpriz oldu. “Benfika” Avropanın ən güclü komandalarından biridir. “Qarabağ”ın bu nəticəsi isə Azərbaycan Premyer Liqasının inkişafından xəbər verir.
 
– Bəziləri düşünür ki, Azərbaycan Premyer Liqası bir yana, “Qarabağ” bir yana. Sizcə, digərlərindən fərqli səviyyədədirlər?
 
– Digər komandalar da inkişaf etməyə başlayır. “Qarabağ”ın bəzi futbolçuları ilə söhbət etmişəm, onlar da deyirlər ki, bu mövsüm çempionat əvvəlkindən daha çətindir.
 
– Əcnəbi futbolçular bəzən Azərbaycana uyğunlaşmaqda çətinlik çəkir. Amma siz komandaya yayda qoşulsanız da, artıq öz oyununuzla sübut edirsiniz ki, adaptasiya olmusunuz. Buna səbəb nə oldu?
 
– Düşünürəm ki, bu, məşqçilər heyətinin dəstəyi nəticəsində mümkün olub. Bu, bizim üçün çox vacib amildir. Onların sayəsində özümüzü daha rahat hiss edirik. Ölkənin də rolu böyükdür. Azərbaycana çox tez uyğunlaşdım.
 
– Ümumiyyətlə, Azərbaycanı bəyənirsinizmi?
 
– Azərbaycanda insanların davranışını çox sevirəm. Bütün Azərbaycanı gəzib görməyə çox vaxtım olmayıb. Ancaq burada qarşılaşdığım insanların mənə yanaşması çox yaxşıdır. Qonaqpərvərdirlər. Buranı sevirəm.
 
– Ayxan Abbasovun seçib gətirdiyi futbolçular bəzən yaxşı çıxışı ilə digər komandaların diqqətini cəlb edir və qısa zamanda təklif alıb gedir. Bu gedişlə, sanki “Şamaxı”da çox qalmayacaqsınız…
 
– Bunu eşitmək xoşdur. Hər bir futbolçu istəyər ki, yaxşı komandada oynasın, daha çox pul qazansın. Amma hazırda “Şamaxı” ilə müqaviləm var və burada xoşbəxtəm.
 
– Ayxan Abbasovun Azərbaycan millisinin baş məşqçisi təyin olunması klubda hər hansı mənfi təsir göstəribmi?
 
– Kluba gəlməzdən əvvəl agentim mənə demişdi ki, bu məşqçi ilə işləmək sənin üçün faydalı olacaq. Hər bir futbolçunun inkişafında baş məşqçinin rolu böyükdür. Ayxan Abbasovun milli komandaya təyin olunması yalnız müsbət təsir göstərə bilər. O, böyük təcrübəyə malikdir, ölkənin ən yaxşı futbolçuları ilə işləyir və onlardan öyrəndiklərini klubda da tətbiq edir. Bu da bizə fayda verir.
Seçilən
12
2
moderator.az

3Mənbələr