AZ

Ermənistanda hökumətlə kilsə arasında gərginlik: Paşinyan “liturgiya” qalmaqalı ilə yeni qarşıdurma yaradıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda hökumət və Ermənistan Apostol Kilsəsi arasında münasibətlər daha da gərginləşib. Bu, oktyabrın 26-da baş verən hadisədən sonra xüsusilə kəskin xarakter alıb. Həmin gün keşişlik rütbəsindən məhrum edilmiş keçmiş ruhani Stepan Asatryan Ovanavank monastırında "liturgiya" keçirib. Mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyan, nazirlər, qubernatorlar, icma rəhbərləri və onun tərəfdarları iştirak ediblər. Təhlükəsizliyi təmin etmək üçün polis qüvvələri monastıra cəlb olunub.

Paşinyan bildirib ki, Ovanavankdakı "liturgiya" "Eçmiədzinin azad olunması"nın praktiki mərhələsinin başlanğıcını simvolizə edir.

Bu hadisəyə münasibət bildirən həbsdə olan erməni iş adamı Samvel Karapetyan hakim komandanı "milli dəyərləri və müqəddəslikləri tapdalamaqda" ittiham edib. O, paylaşdığı bəyanatda qeyd edib:

"Kiçik bir qrup hakimiyyətdə qalmaq naminə tarix boyu görünməmiş addım atdı - kilsə nizamnaməsini pozdu, müqəddəs liturgiyanı siyasi məqsədləri üçün ləkələdi. Bu, milli parçalanmaya doğru yeni bir addımdır və bütün ermənilərin qəzəbini doğurmalıdır."

Karapetyan həmçinin vurğulayıb ki, hökumət Ermənistan Apostol Kilsəsini nüfuzdan salmaq cəhdlərini davam etdirəcək, lakin cəmiyyət buna qarşı çıxacaq:

"Biz dəyərlərimizi və müqəddəslərimizi dünən olduğu kimi, bu gün də, sabah da qoruyacağıq. Heç bir həbs bizim iradəmizi sındıra bilməz."

O, həbsdə olan arxiyepiskoplar Mikael, Baqrat və Mkrtıçın, eləcə də Gümrüdən onlarla fəalın "azad, xarici təsirdən uzaq və xristian dəyərlərinə sadiq Ermənistan" uğrunda mübarizəni davam etdirdiyini bildirib.

Qeyd edək ki, hökumət və kilsə arasında qarşıdurma Paşinyanın sosial şəbəkələrdə kilsə rəhbərliyini sərt tənqid etməsindən sonra dərinləşib. Baş nazir daha sonra bütün ermənilərin katolikosunun seçilmə qaydasına dövlətin müdaxiləsini nəzərdə tutan dəyişikliklər təklif edib və bu vəzifədən kənarlaşdırma hərəkatına şəxsən rəhbərlik edəcəyini bəyan edib.

Eçmiədzin rəhbərliyi isə bildirib ki, keçmiş ruhani Asatryanın ibadət keçirməyə hüququ yoxdur və hökumətin bu hərəkətləri "kilsə daxilində parçalanma yaratmaq cəhdi"dir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr