AZ

Vensan Abubakarla gələn qələbə

“Neftçi” Azərbaycan Premyer Liqasında 2-ci qələbəsini qazanıb. Samir Abbasovun rəhbərlik etdiyi kollektiv Qəbələdə yerli komandaya qalib gəlib – 2:0.

İlk hissəsi daha çox “Qəbələ”nin üstünlüyü ilə keçən matçın taleyini paytaxt klubunun yeni transferi Vensan Abubakar həll etdi. Ötən həftə heyətə cəlb edilən hücumçu ikinci hissədə meydana daxil olduqdan sonra 10 dəqiqəyə həm qol vurdu, həm məhsuldar ötürmə etdi. “Neftçi”nin bu mövsüm əsas problemlərindən – sonluq çatışmazlığı ilk oyundaca Abubakarın oyuna qoşulması ilə demək olar, həll olundu. Qəbələ səfərindən üç xalla dönən “ağ-qaralar” turnir cədvəlində də bir pillə irəlilədi.

Elitaya qayıdan “Qəbələ”də isə əsas problem təcrübə çatışmazlığıdır. “Neftçi”dən daha çox qol epizodları yaradan “qırmızı-qaralar”da sonluq çatmır. Bəzi epizodlarda verilən son qərarlardakı yanlışlıqlar, müdafiə planında axsamalar, mövqe səhvləri, gənclərin təcrübəsizliyi məğlubiyyətə əsas səbəblərdəndir.

Qəbələdə diqqət çəkən məqamlardan biri isə azarkeş azlığı idi. Adətən Qəbələ şəhər stadionunda “Neftçi”, “Qarabağ” kimi komandalara qarşı oyunlara böyük maraq olardı. Lakin budəfəki görüş sanki diqqətdən kənar qalmışdı. Azsaylı “Neftçi” və “Qarabağ” fan klublarından əlavə təxminən 200-300 nəfər tamaşaçı arenada idi. Vaxtilə çempionatın ən maraqlı duellərindən olan “Qəbələ” – “Neftçi” görüşünə bu dəfə marağın az olması anlaşılmaz qaldı.

Nəticələri qənaətbəxş olmayan “Qəbələ” azarkeşlərinin yenidən arenaya axışması üçün qələbələr lazımdır. Nəticələr yaxşılaşsa və komanda liqada qalmağa yox, yüksək yerlərə oynasa, ev oyunlarında daha çox fanat dəstəyi olacağı dəqiqdir. (futbolpress)

Seçilən
29
bakuinfo.net

1Mənbələr