Vilnüs üzərində peyda olan şarlar Litvanın hava məkanının mühafizəsini iflic edib...
Litva hakimiyyəti oktyabrın 26-da ölkənin hava məkanına bir neçə havalı şarın daxil olmasından sonra Vilnüs hava limanını və Belarusla sərhəddəki keçid məntəqələrini müvəqqəti bağlayıb.
Poliqon xəbər verir ki, bu barədə məlumatı Reuters Agentliyi Litvanın Milli Fövqəladə Halların İdarəetmə Mərkəzinə istinadla yayıb. Bildirilir ki, bu, həftə ərzində baş verən dördüncü oxşar hadisədir.
Rəsmi Vilnüs bəyan edib ki, şarların böyük hissəsi siqaret qaçaqmalçılığı ilə məşğul olan şəxslər tərəfindən göndərilir. Bununla yanaşı, Litva tərəfi Belarus prezidenti Aleksandr Lukaşenkonu bu təcrübəyə göz yummaqda ittiham edib. Qeyd olunub ki, Minsk sərhədyanı hava məkanının təhlükəsizliyini təmin etmək üçün heç bir tədbir görmür.
Agentliyin məlumatına görə, paytaxt hava limanında uçuşlar və enişlər 23:40-a (Qrinviç vaxtı ilə) qədər dayandırılıb. Belarusla sərhəddə hərəkət isə yalnız bazar ertəsi keçiriləcək Litvanın Milli Təhlükəsizlik Komissiyasının iclasından sonra bərpa oluna bilər.
Qeyd edək ki, Vilnüs hava limanı daha əvvəl də oxşar səbəblərlə — oktyabrın 5-də, eləcə də həmin ayın çərşənbə axşamı, cümə və şənbə günlərində bağlanmışdı. Hər dəfə paytaxt üzərində kontrabanda siqaret daşıyan şarların müşahidə olunması nəticəsində hava məkanı müvəqqəti bağlanıb.
Poliqon.info