BAKI, 27 oktyabr. TELEQRAF
ABŞ-də federal hökumətin maliyyələşməsinin dayandırılması (şatdaun) davam edərsə, 15 noyabrdan etibarən hərbçilərə maaş ödənilməsi dayandırıla bilər.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Skott Bessent "CBS News"a bildirib.
Nazir qeyd edib ki, hazırkı administrasiya vəziyyətin məsuliyyətini Demokrat Partiyasının liderlərinin üzərinə qoyur. Onun sözlərinə görə, demokratlar hökumət qulluqçularının və hərbçilərin vəziyyətindən çox, 2026-cı il seçkilərinə diqqət yetirirlər.
Bessent əlavə edib ki, Pentaqonun qalıq büdcə vəsaiti hesabına noyabrın əvvəlində qısa müddətli ödənişlər mümkün olsa da, 15 noyabrdan sonra maaşların verilməsi dayana bilər.
Xatırladaq ki, ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılması 1 oktyabrda maliyyələşmənin təsdiqlənməməsi səbəbindən başlayıb.