AZ

Çin və ABŞ ticarət münasibətlərində sabitlik üçün danışıqları davam etdirəcək

BAKI, 27 oktyabr. TELEQRAF

Pekin və Vaşinqton bir sıra qarşılıqlı maraq doğuran ticarət-iqtisadi məsələlərdə baza səviyyəsində konsensusa nail olublar.

Teleqraf xəbər verir ki, bu barədə Çinin kommersiya nazirinin müavini və beynəlxalq ticarət danışıqlarında Çin nümayəndəsi Li Çenqan Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, iki gün davam edən müzakirələr zamanı ABŞ-nin Çin gəmiçilik, logistika və gəmiqayırma sektorlarına qarşı tətbiq etdiyi 301-ci maddə çərçivəsində tədbirlər, gömrük rüsumlarının dayandırılmasının uzadılması, fentanil mövzusu ilə bağlı əməkdaşlıq, eləcə də ixrac nəzarəti və ticarətin inkişafı kimi məsələlər gündəmdə olub.

Li Çenqan qeyd edib ki, son aylarda Çin-ABŞ münasibətlərində müəyyən gərginlik müşahidə olunsa da, Pekin Cenevrədə və iki ölkə liderlərinin telefon danışıqlarında əldə olunan razılaşmaları ardıcıl şəkildə yerinə yetirir.

“Belə gərginlik Çin tərəfinin arzuladığı vəziyyət deyil. Biz açıq və konstruktiv dialoqa sadiq qalırıq”, - Li vurğulayıb.

Rəsmi təsdiq prosedurlarının tamamlanmasından sonra Çin və ABŞ sabit və sağlam ticarət-iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün dialoqu davam etdirməyi planlaşdırır.

Seçilən
44
teleqraf.com

1Mənbələr