AZ

“Xankəndi artıq mötəbər tədbirlərə böyük məhəbbətlə qucaq açan doğma məkana çevrilib” - Firuza Nadir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin sədri Firuza Nadir Xankəndidə keçirilən Azərbaycan QHT-lərinin 3-cü Əməkdaşlıq Forumu haqqında fikirlərini bölüşüb.

QHT sədri bildirib ki, Xankəndidə keçirilən Azərbaycan QHT-lərinin 3-cü Əməkdaşlıq Forumu “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş önəmli bir tədbir kimi yadda qaldı. Forumun əhəmiyyətini artıran ən vacib məqam onun azad Qarabağda, doğma Xankəndidə keçirilməsi idi:

"Suverenliyimizin, ərazi bütövlüyümüzün, Konstitusiya quruluşumuzun, birliyimizin rəmzinə çevrilən Xankəndi artıq mötəbər tədbirlərə böyük məhəbbətlə qucaq açan doğma məkana çevrilib. Böyük qeyrət və qəhrəmanlıqla azad edilən tarixi torpaqlarımız abadlaşır, dünənin acıları torpağın altına gömülür. Prezident Administrasiyasının QHT-lərlə iş və Kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin dediyi kimi, 2023-cü il “15 oktyabrda Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı, bununla da erməni separatizminin sonu gəldi.” Xankəndi indi yenidən doğulan bir şəhərdir. Keçmişin kölgələrindən sıyrılıb, xoşbəxtcəsinə sabahına doğru addımlayır. Nisgilin, işğalın, əsarətin üstündən xətt çəkən qalibiyyət hökmrandır bu şəhərdə. Xankəndinin yenidən qurulmasını canlı izləmək onun azadlıq xəbərini eşitmək qədər böyük xoşbəxtlikdir..."

Firuza Nadirin sözlərinə görə, Xankəndinin ev sahibliyi etdiyi Forumda iştirak etmək də böyük qürurdur. Bu qürura görə Ali Baş Komandana, Şəhidlərimizə, qazilərimizə borcluyuq:

"Forumdan əvvəl Xocalının Ballıca kəndindəki ağacəkmə aksiyasının da böyük mənası vardı. Bu, illərlə gözlədiyimiz Böyük qayıdışın, yeni həyatın, birliyin, sülhün, əmin-amanlığın göstəricisi idi. Mən inanıram ki, əkdiyimiz hər ting qollu-budaqlı bir ağac olacaq, çünki artıq xocalıların nəfəsi ilə isinir bu torpaq!.. Xankəndi Forumu QHT sektorunun son illərdə necə böyük inkişaf yolu keçdiyini, bu sahədəki danılmaz uğurları, yeni yanaşmaları, sağlam mühiti göz önünə gətirdi, aktual mövzuların, vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələrin mühüm müzakirə meydanına çevrildi. “...Agentlik 19 Dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97% göstərici ilə tamamlayıb, bu nəticə qurumun tarixində ilk dəfə əldə olunub” – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın diqqətə çatdırdığı bu fakt dediklərimizi təsdiq edir. Üç yüzə yaxın QHT-ni bir araya gətirən Xankəndi Forumu onların əməkdaşlığının genişləndirilməsi üçün vacib bir platforma oldu. Həm də onu sübut etdi ki, vətəndaş cəmiyyəti artıq dövlət siyasətinin fəal iştirakçısına çevrilib.

Firuza Nadir Forumun QHT sektorunun inkişafını, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında möhkəmlənən əməkdaşlığı nümayiş etdirdiyini bildirib və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib:

"Bir məqamı da mütləq vurğulamaq lazımdır – biz iştirakçılar, həm də tədbirin mükəmməl təşkilatçılığına şahidlik etdik. Kiçik bir detal belə nəzərdən qaçırılmamışdı, diqqətlə düşünülmüşdü. Tədbirin təşkilatçılarına ancaq və ancaq minnətdarlıq düşür..."

 

 

Seçilən
51
qht.az

1Mənbələr