"Şamaxı" Misli premyer-liqasının 9-cu tur matçında "Qarabağ"ın meydanında heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Bilirdik ki, çətin olacaq. Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi. Qol epizodlarımız da oldu. Bu da bizə xas olan oyundu. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Qırmızı vərəqə aldıq, öz qapımıza qol vurduq. Önəmli olan toparlanmaq idi. Ancaq bu gün "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaq.
- Bir xalı sizin, yoxsa "Qarabağ"ın aktivinə yazmaq olar?
- Bizə hər xal vacibdi. Çünki məqsədlər ayrıdı. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odu ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldı. "Qarabağ" çempionluğa oynayan, lider komandadı. Səfərdə bir xal bizim üçün daha önəmlidi.
- "Qarabağ" bu gün müdafiə xəttinizi yara bilmədi, yoxsa siz yaxşı oynadız?
- Elə siz hər şeyi dediz. "Qarabağ" ağır səfərdən gəlmişdi, heyətlərində dəyişiklik olmuşdu. Bilirdik ki, 60-cı dəqiqədən sonra əsas heyəti buraxacaqlar. Düzdü, "Qarabağ" üçün əsas heyət deməyə adam bir az çətinlik çəkir. Amma bu gün müdafiəçilərimiz yaxşı oynadı. Demək olar ki, rəqibə 100 faizlik qol epizodu vermədik. Bizdə isə əks-hücumda qol epizodları daha real göründü. Futbolçular oyuna yaxşı konsentrasiya olmuşdu.
- Qol epizodlarınız oldu, amma vura bilmədiz. Futbolçular təzyiq altında bunu reallaşdıra bilmirdi, yoxsa işləmək lazımdı?
- Hücum çətin plandı. Onu daim işləməlisən ki, oyunçular bir-birini yaxşı başa düşsün. "Qarabağ"la oyunda belə epizodlara girməyin özü də, istək və işdi. Rafael Məhərrəmli və Kərim Rossinin zərbələri daha kənara getsəydi, qol ola bilərdi. Hücum planında dayanmırıq. Mənim üçün önəmli olan odu ki, lider komandalara qarşı hücum etməliyik. Çalışırıq, vaxt lazımdı.
- Edqar Adilxanovu çoxdandı ki, görmürük...
- Əməliyyat olunub. U-21 yığmasının heyətində Portuqaliyaya qarşı görüşdən qabaq da zədəli idi. Fikirləşirdik ki, bu ağrı ilə qışa qədər oynaya bilər. Qasıq nahiyəsində problem var idi. Get-gedə Edqarı itirə bilərdik. AFFA onu Almaniyada əməliyyat etdirdi. Məşqlərə başlayıb. Yəqin ki, gələn tur "23-lük"də olacaq.
- Həm klubda, həm də yığmada işləmək sizə çətinlik yaratmır?
- Hər yerdə çətindi. Fərq etmir, milli, ya klub. Yükü bilirik. Çalışırıq ki, öhdəsindən gələk. Nə qədər effekt verəcək, onu sonda görəcəyik.
- Millidə işləməyinizin "Şamaxı"ya mənfi təsiri də var. Bu baxımdan peşman deyilsizki?
- Yox. Onsuz da, mövsümün əvvəlində bu prosesi bilirdik. Düzdü, planda U-21 yığması idi. "Şamaxı" rəhbərliyi ilə danışmışdıq ki, komandadan 8-9 futbolçu U-21 yığmasına gedir. İş elə alındı ki, əsas milliyə gəldik. Əlbəttə, "Şamaxı"ya təsiri ola bilər. Amma burda klubun qazancı da var. Biz bu təhlükəni qabaqcadan bilirdik və buna hazır idik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta