Kürdəmirdə toydan qayıdan ailə ağır qəzaya düşüb. Nəticədə ana və azyaşlı oğlu ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Mollakənd kəndi ərazisində qeydə alınıb.
37 yaşlı İlkin Hüseynovun idarə etdiyi avtomobil kənd ərazisində hərəkətdə olarkən qarşısında hərəkətdə olan qoşqulu traktora çırpılıb. Bu zaman avtomobildə olan 5 nəfərdən ikisi - Vüsalə Hüseynova və 5 yaşlı oğlu dünyasını dəyişib. Xəsarət alan 3 nəfər isə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qəzada ölən və yaralananlar bir ailənin üzvləridir. Hadisə ilə bağlı araşdırma aparılır.
Ağdaşda da ölümlə nəticələnən qəza olub.
Hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Mişar daşı ilə yüklü qoşqulu yük maşınına müxtəlif növ balıqlar yığılan kiçiktutumlu yük avtomobili çırpılıb. Zərbənin gücündən kiçiktutumlu yük maşını deformasiyaya uğrayıb. Qəza zamanı 30 yaşlı Eldar Tağıyev və sərnişini - 38 yaşlı Rauf Hacıyev dünyasını dəyişib. Hadisə zamanı avtomobilin yük yerinə yığılan balıqlar ətrafa səpələnib. Faktla bağlı araşdırma aparılır.
Zərdabdakı yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Hadisə Ağcabədi-Zərdab avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Zərdab rayon sakini Azər Abdullayevin idarə etdiyi minik avtomobili ilə Ağcabədi rayon sakini Hacı Qarayevin idarə etdiyi avtomobil toqquşub.
Qəza nəticəsində Azər Abdullayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Abşeron rayonu, Saray qəsəbəsində isə minik maşını yolu keçmək istəyən 2 yeniyetmə qızı vurub. Onlar xəstəxanaya çatdırılsalar da, 12 yaşlı Əzizə Məmmədli aldığı xəsarətlərdən ölüb. Qəza ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.