Sənəddə ərazi bütövlüyünün qorunması və dörd tərəfli monitorinq mexanizmi nəzərdə tutulur...
Poliqon xəbər verir ki, 15 saat davam edən danışıqlardan sonra Taliban nümayəndə heyəti İstanbulda Pakistan tərəfinə Əfqanıstan və Pakistan arasında imzalanması planlaşdırılan təhlükəsizlik sazişinin yekun layihəsini təqdim edib. Afghanistan International mənbələrinə istinadən xəbər verir ki, bu sənəd iki ölkə arasında gələcək əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir.
Layihədə “Əfqanıstanın ərazi və hava məkanının toxunulmazlığı” prinsipi xüsusi vurğulanır. Həmçinin tərəflər bir-birinin ərazisindən qarşı tərəfin düşmənləri tərəfindən istifadə edilməsinə yol verməmək öhdəliyini üzərlərinə götürürlər. Saziş layihəsinə əsasən, mümkün atəşkəs pozuntularının monitorinqi və məlumat mübadiləsi üçün dörd tərəfli mexanizm yaradılması nəzərdə tutulur.
Mənbələrin bildirdiyinə görə, danışıqlar hələ də vasitəçilərin iştirakı ilə davam edir və bu görüşlərin nəticəsi gələcək sazişin taleyini müəyyən edəcək. Sözügedən sənədin icrası 2020-ci ildə imzalanmış Doha atəşkəs razılaşmasının müddəalarına da istinad edir.
Pakistan tərəfi öz növbəsində Kabildən Tehreek-e-Taliban Pakistan (TTP) və digər silahlı qruplaşmalara qarşı daha sərt tədbirlərin görülməsini tələb edir. Rəsmi İslamabad son aylarda artan sərhəd insidentlərini bu qrupların fəaliyyətləri ilə əlaqələndirir.
Tehreek-e-Taliban Pakistan (TTP) 2007-ci ildə yaradılıb və əsas məqsədi Pakistanda radikal şəriət qanunlarına əsaslanan “İslam dövləti” qurmaqdır. Qruplaşma həm hərbi, həm də mülki hədəflərə qarşı çoxsaylı terror aktlarına görə məsuliyyət daşıyır. 2018-ci ildən TTP-yə 46 yaşlı Nur Vəli Məhsud rəhbərlik edir.
Poliqon.info
 
                        