AZ

ADPU-nun Quba filialında “Surxayın izi” kitabının təqdimatı olub

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi şəhidi, baş çavuş Mehdiyev Surxay Zülfi oğlunun xatirəsinə həsr edilmiş və yazar Nuray Rəşidin müəllifi olduğu “Surxayın izi” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhid, baş çavuş Surxay Mehdiyevin mənalı ömür yolunu əks etdirən videoçarx təqdim edilib.

Filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva tədbir iştirakçılarını ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevin adından salamlayıb.

Mərasimdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən bəhs edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun dövlətçilik tariximizə qızıl hərflərlə yazdığı bu qələbənin hüquqi, siyasi və mənəvi əhəmiyyətini vurğulayıb.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı sosial siyasətimizin əsas istiqamətlərindən biridir.

Kitabın müəllifi, yazar Nuray Rəşid “Surxayın izi” kitabı barədə geniş məlumat verib: “Surxayın izi’ kitabı həm ağrımızı, həm də qürurumuzu daşıyan bir ədəbi salnamədir. Surxay bu torpağın qüruruna çevrildi, izlərini isə tarixə, yaddaşımıza və ürəklərimizə həkk etdi. Onların hekayəsi təkcə bir ömrün deyil, bütöv bir millətin hekayəsidir”

Şəhidin anası Rəsmiyyə Mehdiyeva oğlunun xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkür edib, kitabın gələcək nəsillər üçün bir qəhrəmanlıq örnəyi olacağını qeyd edib.

Tədbirin bədii proqramla davam edib.

Sonra bütün iştirakçılara yazar Nuray Rəşidin imzası ilə kitablar hədiyyə olunub.

Seçilən
51
azertag.az

1Mənbələr