AZ

PKK Türkiyə sərhədindəki düşərgələri boşaldacaq, mağaraları da tərk edəcək


Şimali İraqda açıqlama verən terror təşkilatı PKK, Türkiyədən tamamilə çəkildiyini bəyan edib. Təşkilatın bu bəyanatı, eyni zamanda Zap və Metina kimi strateji əhəmiyyətli düşərgələri də boşaldacağı ehtimalını gündəmə gətirib.

Çəkilmə qərarının səbəbləri

PKK-nın açıqlamasında “sərhəd bölgələrində toqquşma riski yarada biləcək mövqelərdə düzəldici tədbirlər görülür” ifadəsi yer alıb. Ekspertlər bu fikri təşkilatın Türkiyə sərhədinə yaxın ərazilərdəki varlığını mərhələli şəkildə sonlandırması kimi dəyərləndirirlər.

Analitiklərə görə, bu qərar PKK-nın son illərdə artan hərbi təzyiq qarşısında geri addım atdığını göstərir. Türkiyə Silahlı Qüvvələrinin 2019-cu ildən bəri həyata keçirdiyi “Pəncə” əməliyyatları nəticəsində bölgədə yüzlərlə mağara və sığınacaq məhv edilib, təşkilatın logistik dayaqları ciddi zərbə alıb. 


Zap və Metina - strateji məkanlar

Zap və Metina düşərgələri uzun illər PKK-nın əsas sığınacaq məntəqələri kimi tanınıb. Bu bölgələr Türkiyə sərhədinə paralel uzanır və keçmişdə terrorçular üçün həm müşahidə, həm də sızma imkanları yaradırdı.

Sherg.azxəbər verir ki, Türkiyəli hərbi ekspert Doç. Dr. Murat Aslanın sözlərinə görə, Metina bölgəsindəki terrorçu mövcudluğu sərhəd kəndləri və hərbi postlar üçün birbaşa təhlükə yaradırdı. Lakin son əməliyyatlar nəticəsində Türkiyə bu ərazilərdə nəzarəti gücləndirib.

PKK-nın Şimali İraqdan çəkilməsi həm də Ankara ilə Bağdad arasında son dövrlərdə artan təhlükəsizlik əməkdaşlığının nəticəsi kimi qiymətləndirilir. İraq Mərkəzi Hökuməti və Kürd Regional Rəhbərliyi Türkiyənin antiterror əməliyyatlarına daha açıq dəstək göstərməyə başlayıb.

Digər tərəfdən, beynəlxalq səviyyədə terrorizmə qarşı sərt mövqenin güclənməsi və Qərb ölkələrinin PKK-ya münasibətdə məsafəli davranması təşkilatın manevr imkanlarını xeyli məhdudlaşdırıb.

PKK-nın Zap və Metina düşərgələrini, eləcə də sərhədyanı mağaraları tərk etməsi, onun bölgədəki hərbi infrastrukturunun çökməsi deməkdir. Mütəxəssislər bu prosesi “təşkilat üçün yeni, lakin zəif mərhələnin başlanğıcı” kimi qiymətləndirirlər.

Türkiyə üçün isə bu hadisə sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terror təhlükəsinin aradan qaldırılması istiqamətində mühüm strateji nailiyyət sayılır.
Seçilən
68
sherg.az

1Mənbələr