BAKI, 26 oktyabr. TELEQRAF
Boston Kollecin alimləri köhnə batareyaları parçalayıb təkrar emal edə bilən unikal bakteriya aşkarlayıblar.
Teleqraf "Interesting Engineering"ə istinadən xəbər verir ki, "Acidithiobacillus ferrooxidans" (Atf) adlı bu bakteriya turşulu mühitdə yaşayır və batareyalardakı metallarla qidalanır.
Boston Kollecinin professoru Dunvey Van bildirib ki, tədqiqat zamanı bakteriyalar birbaşa batareyalardan çıxarılan dəmirlə “qidalandırılıb”:
“Nəticələr göstərdi ki, bakteriyalar bu qida mənbəsində uğurla inkişaf edir və yaranan məhlul batareyaların təkrar emalı üçün çox aktivdir,” – o qeyd edib.
Mütəxəssislər bildirirlər ki, bakteriyalar toksik sulfat əlavə edilmədən də çoxala bilir. Bu isə tullantıların azaldılması və zərərli kimyəvi maddələrin daşınmasına ehtiyacın aradan qaldırılması baxımından mühüm nəticə sayılır.
Hazırda tədqiqat qrupu Atf bakteriyasının daha effektiv növlərini yaratmaq və bu yolla bərpa olunmuş materiallardan yeni batareyalar istehsal etmək üzərində işləyir.