“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların Zirədəki görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Matça yaxşı başladıq. Birinci hissə üstünlüyümüzlə keçdi, hesabı açdıq. İkinci yarıda rəqibin böyük qüvvə ilə irəli atılacağı bəlli idi. Belə də oldu. Yaxaladığımız boşluqlardan səmərəli istifadə edib ikinci qolu vursaydıq, oyun bizim üçün daha rahat keçərdi. Biz vurmadıqca rəqib daha böyük qüvvə ilə hücuma çıxırdı. Həmin dəqiqələrdə futbolçularımız yaxşı xarakter nümayiş etdirdilər və rəqibə fərqlənməyə imkan vermədilər. Çox vacib 3 xal qazandıq.
2018-ci ildəki çempionatla indiki arasında böyük fərq var. Gənc futbolçu olacağı təqdirdə mütləq şəkildə oynadacağıq. Bizim hələ elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki, bu matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər. 3-4 nəfər var ki, bizimlə məşqlərdə iştirak edirlər. Amma hazırda oyunlarda iştirak etmələri riskli olar”.
Rəşad Sadıqov qapıda Aydın Bayramova şans verməsinin səbəbini də açıqlayıb:
“Tyaqo Silvanın “Sabah”la oyundakı qollarda səhvi yox idi. Qərar həmin matçdan öncə verilmişdi. Demişdim ki, “Sumqayıt” və “Karvan”la oyunlarda Aydına şans verəcəyəm. O, bizim üçün dəyərlidir. Aydının ötən mövsüm ikinci yeri tutmağımızda böyük rolu oldu. Amma bir nömrəli qapıçımız Silvadır. Hamımız başa düşürük ki, Aydının millidə debüt etmək üçün şansı var. Məşqçilər bütün yerli qapıçıları gözdən keçirəcək”.
Saşa İliçdən məğlubiyyətə qısa şərh
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə məğlub olduqları matçı belə şərh edib:
“Zirə” çox çətin rəqibdir. Birinci hissədə, xüsusilə də ilk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim. Amma ikinci yarıda biz daha üstün idik. Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı”.

