GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Almaniyanın paytaxtı Berlində Fələstinə dəstək məqsədilə kütləvi nümayiş keçirilir.
Globalinfo.az xəbər verir ki, etirazçılar şəhərin mərkəzi küçələrindən biri olan Fridrixştrassedə yürüş edirlər.
Aksiya iştirakçıları əllərində Fələstin bayraqları, plakatlar və “Fələstinlə həmrəylik” şüarları yazılmış transparantlar daşıyırlar. “Fələstinlə həmrəylik”, İsrailə silah tədarükünə son!” adlı aksiyada etirazçılar ingilis və alman dillərində müxtəlif şüarlar səsləndirirlər.
Aksiya iştirakçıları İsrailə silah göndərişlərinin dayandırılmasını və hərbi cinayətkarların məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Dəqiq iştirakçı sayı hələ açıqlanmasa da, ilkin məlumatlara görə, nümayişə bir neçə yüz nəfər qatılıb. Berlin polisinin nümayəndəsi bildirib ki, dəqiq rəqəmlər axşam saatlarında açıqlanacaq.
Nümayiş dinc şəkildə davam edir, təhlükəsizliyi çoxsaylı polis əməkdaşları təmin edir. İndiyədək ciddi insident qeydə alınmayıb.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı “əhatəli planını” təqdim edib. Sənəd 20 bənddən ibarətdir və Qəzzada müvəqqəti beynəlxalq idarəçiliyin tətbiqini, eləcə də sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Oktyabrın 9-da Tramp bəyan edib ki, İsrail və HƏMAS nümayəndələri Misirdə keçirilən danışıqlar nəticəsində planın ilk mərhələsi üzrə razılığa gəliblər.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.