Xaqani Cəfərli: "Trampın səfər edəcəyi ölkənin Azərbaycan olma ehtimalı Ermənistan olma ehtimalından ən azı iki dəfə artıqdır"
Əli Orucov: "Vaşinqtonun Cənubi Qafqaza diqqətinin artırması fonunda Trampın regiona səfəri mümkündür"
Cənubi Qafqaz ölkələrinə (Azərbaycan, Gürcüstan, Ermənistan) ABŞ prezidentlərinin səfərləri çox az olub. Region uzun illər Vaşinqton üçün strateji əhəmiyyət daşısa da, prezident səviyyəsində səfərlər nadir hallarda baş tutub.
ABŞ prezidentlərindən yalnız bir nəfər Cənubi Qafqaza, konkret olaraq Gürcüstana səfər edib. Corc Buş (George W. Bush) 9 may 2005-ci ildə Tiflisdə rəsmi səfərdə olub. O yeganə ABŞ prezidentidir ki, Cənubi Qafqaza rəsmi səfər edib. Səfərin məqsədi Gürcüstanda “Qızılgül inqilabı”ndan (2003) sonra demokratiya və Qərb inteqrasiyasına dəstək vermək idi. Buş Tiflisdəki Azadlıq Meydanında on minlərlə insan qarşısında çıxış etdi. Sətər çərçivəsində Corc Buş Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə görüşdü və Gürcüstanın NATO və Avropa İttifaqına yaxınlaşmasını açıq şəkildə dəstəklədi. Bu səfər o dövrdə Rusiya tərəfindən sərt tənqid olunmuşdu. Üç il sonra Rusiya 6 günlük müharibə ilə Saakaşvilidən öc aldı.
Hazırda Donald Trampın rəsmi olaraq Bakıya səfəri gözlənilir. Amma səfərin vaxtı, şərtləri və proqramı media üçüň hələ açıqlanmayıb.
Tramp administrasiyası Cənubi Qafqaz bölgəsinə - konkret olaraq Azərbaycan və Ermənistan arasında - sülhə və infrastruktur layihələri təşəbbüsü ilə yeni daxil olub. Məsələn, 8 avqust 2025-də Vaşinqtonda bu iki ölkə arasında birgə bəyanat imzalanıb - bunun əsas məqsədi uzunmüddətli düşmənçiliyi azaltmaq, əlaqələri normallaşdırmaqdır.
Əgər Tramp Bakıya səfər etsə, aşağıdakılar ehtimal olunan şərtlərdir. ABŞ-Azərbaycan, ABŞ-Ermənistan və ya region üzrə yeni strateji əməkdaşlıq paketləri çərçivəsində görüşlər keçriləcək. Yəni bu Trampın Cənubi Qafqaza turnesi şəklində reallaşacaq.
Eyni zamanda, infrastruktur - nəqliyyat, enerji, tranzit layihələri üzrə razılaşmalar, məsələn, “Zəngəzur dəhlizi” (ingiliscə “Trump Route for International Peace and Prosperity”) təşəbbüsü daxilində müəyyən sənədlər imzalanacaq.
Regionda təhlükəsizlik, enerji marşrutlarının diversifikasiyası, ABŞ-Moskva-İran-Çin əlaqələrinin dəyişməsi fonunda ABŞ-ın rolunu aktivləşdirən addımlar atılacaq.
Səfərin baş tutması və ya davam etməsi aşağıdakı təsirlərə malik ola bilər:
- Azərbaycan-Ermənistan arasında əlaqələrin normallaşması, qarşılıqlı tranzit və iqtisadi əməkdaşlığın genişlənməsi. Bu, Cənubi Qafqazda sabitliyi artırar.
- ABŞ-ın bölgədə təsirinin artması və ənənəvi regional güclər (məsələn, Rusiya və İran) üçün balans dəyişməsi.
- Enerji və nəqliyyat marşrutlarının dəyişməsi: Azərbaycan Naxçıvanla, Türkiyə və Mərkəzi Asiya ilə daha sıx bağları sıxlaşdırıla bilər.
Ancaq proses risqlərdən də xali deyil. Razılaşmaların icrası, tərəflər arasında qarşılıqlı etimadın formalaşması, regional aktorların reaksiyaları və daxili siyasətdə dəyişikliklər – bunlar hər an təxirə sala və ya mürəkkəbləşə bilər.
Baki-xeber.com-a müsahibəsində politoloq Xaqani Cəfərli deyib: "Birləşmiş Ştatların prezidenti vəzifəsi elə bir məqamdır ki, prezidentin kimliyindən asılı olmayaraq Ağ Ev sahibinin hansısa ölkəyə səfəri tarixi hadisə hesab olunur. Səhv etmirəmsə, ABŞ prezidentlərindən yalnız kiçik Corc Buş Cənubi Qafqazda, Gürcüstanda olub. Buşun Tiflisə səfəri Gürcüstanın beynəlxalq aləmdə mövqeyini gücləndirmişdi. Əgər indi Donald Tramp Cənubi Qafqaz ölkələrindən hər hanısa birinə səfər edərsə, bu çox böyük hadisə olar.
Qənaətimcə belə bir səfər 2028-ci ildə, “Tramp Yolu”nun açılışı zamanı gerçəkkləşə bilər. Son illər ABŞ-ın xarici siyaəst prioretlərində Cənubi Qafqazın rolu artıb. Tramp administrasiyası üçün Azərbaycan və Ermənistanla əlaqələrin önəm daşıdığı bəllidir. Ona görə, də Tramp bu iki ölkədən birinə səfər edə bilər. Fikrimcə Trampın səfər edəcəyi ölkənin Azərbaycan olma ehtimalı Ermənistan olma ehtimalından ən azı iki dəfə artıqdır".
Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, Trampın Cənubi Qafqaza səfər edəcəyi barədə əvvəllər də məlumatlar yayılmışdı: "Həmin məlumatlarda, Birləşmiş Ştatlar prezidentinin özünün adı verilən dəhlizin - Zəngəzur dəhlizinin açılış tədbirində iştirak edəcəyi bildirilirdi. Ancaq həmin dəhlizin açılması barədə 8 avqustda razılaşma əldə olunsa da, hələ ki, proses ləngiyir. Rusiyanın və İranın müdaxiləsi, həmçinin Ermənistandakı daxili qeyri-sabitlik dəhlizin açlmasına mane olur. Vaşinqtonun Cənubi Qafqaza diqqətinin artması fonunda Trampın regiona səfəri mümkündür. Düşünürəm ki, belə bir səfər baş tutarsa Cənubi Qafqazda müsbət nəticələr və ciddi rezonans doğurar. Bu eyni zamanda, Tehrana və Moskvaya Vaşinqtonunmesajı olardı. Ancaq görünən odur ki, Trampın gündəliyində əsas məsələlər Ukrayna-Rusiya müharibəsi, Çinlə münasibətlər, Yaxın Şərq mövzusu, həmçinin Latın Amerikası ilə ziddiyyətlərdir. Ancaq Cənubi Qafqazın da önəmini göz ardı etmək doğru olmazdı".
Akif NƏSİRLİ