“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün “Masazır Arena”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2.
Elmar Baxşıyev oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Mübarizəli, dinamik oyuna şahidlik etdik. Hər iki komanda oyuna rəng qatırdı. Komandam ilk gündən öz əzmkarlığı və oyun dəst-xətti ilə istədiklərimi yerinə yetirməyə çalışır. Bu gün 1 xal qazandıq. Rəqibimiz iddialı komandadır. Ona görə də bu 1 xala sevinmək lazımdır. Son dəqiqələrdə qol vuran hər komanda belə sevinir. Kimsə sakit qalırsa, öz komandasına qarşı səmimi deyil. Futbolun içində olan emosiyadır.
Əlbəttə, ev oyununu rəqibin meydanında keçirməyi heç bir məşqçi arzulamaz. İndiki durumda “Masazır Arena” bizim üçün səfər deyil. Çünki biz Bakıda məskunlaşmışıq. Bakıdakı oyunlarda ev və ya səfər o qədər də əhəmiyyət daşımır. Bizim çempionatda o aura yoxdur ki, səfəri hiss edəsən.
Mən də istərdim ki, bu cür templi oyunda hansısa epizoda 2-3 dəqiqə baxılmasın. Hakimlərin qərarı dərhal verməsi daha məqsədəuyğundur. Futbolçular tempi yüksəltmək üçün ortaya iş qoyurlar. Epizoda 5 dəqiqə baxılanda nəbz də düşür. Hakimin üzərinə getmək istəməzdim. Çalışırıq ki, onların ədalətinə inanaq. Görünən odur ki, hakimlər bizə bir az fərqli yanaşırlar. Bizə təzyiq edən rəqib yox, başqa amillərdir. Komanda olaraq daha güclü olmalıyıq ki, qarşımızda heç bir maneə olmasın. Biz də danışa bilərik. Ötən tur “Neftçi” ilə matçda ofsayd olduğunu nə siz gördünüz, nə mən gördüm, nə də futbol ictimaiyyəti. Oyundan sonra heç nə danışmadıq. Ancaq həkimlərə yüklənsək, düzgün olmaz. Mən də cavab olaraq deyim ki, “Sabah”ın qazandığı penalti absurd idi. Bundan başqa matçın sonlarında Stiv Solvet ikinci sarı vərəqəni alıb meydandan qovulmalı idi. Hakimlik barədə az danışsaq, bütün komandalar üçün faydalı olar”.

