Təbriz Musayev: “Dmitriyev Rusiyanın təbii sərvətlərinin ABŞ şirkətləri tərəfindən hasil etməsi ilə bağlı Trampa şirnikləndirici təkliflər verə bilər”
Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ-da səfərdədir. O, bu il Rusiya ilə ABŞ arasında yüksəksəviyyəli danışıqlarda iştirak etmişdi. Bu məlumatı Rusiya dövlət qurumlarındakı mənbələr təsdiqləyib. Dmitriyev ABŞ administrasiyasının təmsilçiləri ilə rəsmi danışıqlar aparmağı planlaşdırır. Görüşlərdə ABŞ-Rusiya münasibətləri müzakirə olunacaq.
Dmitriyevin səfəri Vaşinqton və Moskva arasında münasibətlərin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir. Məlumata görə, Dmitriyevin dövlət katibi Marko Rubio ilə görüşü gözlənilir. Məsələ ondadır ki, bir neçə gün əvvəl ABŞ Rusiyanın "Rosneft" və "Lukoil" neft şirkətlərinə sanksiyalar elan edib. Prezident Tramp isə Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Putin daxil Rusiya rəsmiləri bu qərarları tənqid ediblər. Amma onu da deyiblər ki, gələcəkdə görüşün keçirilməsi mümkündür, ABŞ-la dialoq davam etməlidir.
Onu da qeyd edək ki, ABŞ-ın Rusiyanın iki ən böyük neft şirkətinə qarşı sanksiyaları Rusiya iqtisadiyyatına ciddi zərbə vurur. Bu şirkətlər Rusiya neft ixracatının təxminən yarısını təşkil edir. Belə görünür ki, Moskva Trampın Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etməsindən çox narahat olub. Maraqlıdır, Tramp güzəştə gedəcəkmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, prinsipcə, hər şey mümkündür: “Ona görə də birmənalı fikir bildirmək çətindir. Çünki Trampın sağı-solu bəlli deyil və hər an fikrini dəyişə bilər. Tramp məlum olduğu kimi, prezident səlahiyyətlərini icra etməyə başlayanda birinci Ukraynaya təzyiqlərini artırdı. Faktiki olaraq Zelenskini təslim olmağa çağırdı. Zelenskinin dirənişi, Avropanın Ukraynanın yanında yer alması vəziyyəti dəyişdi. Çox keçmədən məlum oldu ki, Putin yalnız Donbası deyil, bütün Ukraynanı ələ keçirmək istəyir. Üstəlik, Alyaskada Tram-Putin görüşünün nəticəsiz başa çatması, ABŞ daxilində Trampa təzyiqlər Vaşinqtonun mövqeyini dəyişməyə vadar etdi. Tramp Rusiyadan neft idxal edən ölkələrə təzyiqləri artırdı. Reallıq odur ki, Rusiyanın vəziyyəti çox ağırdır. Ukraynadakı hədəflərinə 4 ildir çata bilmir. Hazırda qlobal sülh və təhlükəsizliyin təmin olunması Rusiyanın Ukraynada qələbəsindən yox, məhz geostrateji məğlubiyyətindən keçir. Əfsuslar olsun ki, Tramp gərəkən qətiyyəti sona qədər göstərmir. Bir neçə dəfə Putin onu aldada bilib. Bu dəfə də bu ola bilər. Dmitriyev Rusiyanın təbii sərvətlərinin ABŞ şirkətləri tərəfindən hasil etməsi ilə bağlı Trampa şirnikləndirici təkliflər verə bilər. Nəticədə Trampın növbəti dəfə güzəşt etməsi ehtimalı var. Putin kəşfiyyatçı olduğu üçün siyasətini oyun qurmaq üzərində qurur. Halbuki, Birləşmiş Ştatlar resurslarını səfərbər etsə, Rusiyanın Ukraynada məğlub olması mümkündür”.
Vidadi ORDAHALLI