“Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında AVP sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı deyib.
O bildirib ki, qarşı tərəf sosial şəbəkə üzərindən özünü partiyanın sədri seçilməsi ilə bağlı dezinformasiya yayır:
“Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının, qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək”.
“Fəzail Ağamalının haqqımda dediklərinin hamısı yalandır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.
Onun sözlərinə görə, partiyanın qurultayında 155 nəfər nümayəndə iştirak edib:

“İlk olaraq Fəzail müəllim istefa verib, artıq o partiyanın sədri deyil. Bununla bağlı videogörüntülər var. Onun istefası qəbul olunub. İstefadan sonra təşkilatı məsələlərə keçilib. Qurultay sədrliyinə namizədlər irəli sürülüb. Fəzail müəllim deyir ki, sədr olaraq fəaliyyətini davam etdirir. Amma sədr istefa vermədiyi müddətdə qurultayda hansı sədr seçkisindən söhbət gedə bilər? Namizədlər də irəli sürülməyə başlayanda Fəzail Ağamalı Günay Ağamalının namizədliyini irəli sürüb. Mənim namizədliyim irəli sürüləndə haqqımda danışmaq istəyən qurultay nümayəndələrinə reqlamentə uyğun olaraq beş dəqiqə çıxış etmək hüququ tanınmayıb. Biz konfliktə getməmək üçün bununla da razılaşmışıq. Mən sədrliyə namizəd kimi çıxış edib öz platformam haqqında qurultay nümayəndələrinə məlumat vermək istəyəndə, Fəzail müəllim buna qəti şəkildə etiraz edib. Mənim çıxış etmək haqqımı səsə qoysa da, qurultay nümayəndələrinin böyük əksəriyyətinin səsi ilə çıxışıma icazə verilib, öz platformamı təqdim edəndən sonra zaldan xoş sözlər səslənib. Bundan sonra Fəzail müəllim istədiyi namizədin sədr seçilə bilməyəcəyini görüb və 10 dəqiqəlik fasilə elan edib. Qurultay nümayəndələrini zaldan çıxarıb, qapıları bağlayıb, qurultayın işini pozmaq istəyib. Bunu da hiss edən nümayəndələr etiraz ediblər. Qarşılığında isə qarşı tərəf zalın işığını söndürüb, hotelin mühafizəsini bizim üzərimizə göndərib. Bütün bu təhdidləri və çətinliyi dəf edərək 100 nəfərdən yuxarı qurultay nümayəndəsi işini davam etdirib və yekdil səslə məni sədr seçib. Bunun hamısını təsdiq edən videogörüntülər mövcuddur. Eyni zamanda, məsələnin hüquqi tərəfi ilə bağlı lazım olan addımlar da atılacaq”.
O bildirib ki, bütün bunların hamısı Günay Ağamalının sədr seçilməsi üçün baş verib:
“Buna görə də qurultay nümayəndələrinin fikri nəzərə alınmayıb. Bu ayrıseçkiliyin səbəbini bilmirəm. Mənim üçün də bu, böyük müəmmadır”.