Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib.
Qurultayda Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında ciddi mübahisə yarandığı və vəziyyətin əlbəyaxa dava həddinə çatdığı iddia olunur.
Buna səbəb isə Fəzail Ağamalının qızı Günay Ağamalını sədr etmək istəməsi olub.
Fəzail Ağamalı qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb.
Elçin Ağamalı bildirib ki, atası onun 30 illik siyasi fəaliyyətini yerə vurur.
“Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”.
Elçin Ağamalı qurultayda partiya sədri seçildiyi bildirir, atası isə iddiaları təkib edib.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı:
"Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər".
G.Ağamalı vurğulayıb ki, Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmayıb:
"Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir".