AZ

Yuxarı maaşların təzə problemi çıxdı - maaşdan azı min manat itirə bilərsiniz...


Akif Nəsirli: “Əməkhaqqı artımı inflyasiyanı qabaqlamasa, hətta 3 faiz vergi belə aşağı gəlirli ailələr üçün ciddi yükə çevrilir”

Xəbər verildiyi kimi, gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:

2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Maaşlardan gəlir vergisinin tutulması növbəti illərdə də davam edərsə, hazırkı inflyasiya, nəqliyyatın bahalaşması şəraitində insanların yaşayışına necə təsir edər?

“2026–2027-ci illərdə də eyni templə davam edərsə, bu vergi modeli real gəlirləri azaldacaq, orta təbəqənin xərclərini ağırlaşdıracaq”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2026-cı ildən qüvvəyə minəcək gəlir vergisi dərəcələri Azərbaycanda əməkhaqqı sisteminə yeni balans gətirəcək. Qanuna əsasən, yanvarın 1-dən etibarən 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500–8000 manat arası gəlirdən 75 manat + 10 faiz, 8000 manatdan yuxarı gəlirdən isə 625 manat + 14 faiz gəlir vergisi tutulacaq: “Hökumət bu dəyişikliklə büdcə gəlirlərinin artırılmasını və vergi ədalətinin təmin olunmasını əsas məqsəd kimi göstərir. Lakin inflyasiyanın yüksək olduğu bir dövrdə bu mexanizm sosial gərginliyi dərinləşdirə bilər.

Hesablamalara görə, 2500 manat maaş alan şəxs hər ay təxminən 75 manat vergi ödəyəcək. 5000 manat maaşda bu rəqəm 325 manata, 10 min manat maaşda isə 885 manata qədər yüksələcək.

Maaşlar nominal olaraq artsa da, inflyasiya fonunda real gəlir azalırsa, vergi yükü daha çox hiss olunur. Çünki inflyasiyanın "yediyi gəlirlər" çılpaq görünməsə də, vətəndaş bunu real həyatda hiss edir.

2025-ci ilin rəsmi inflyasiyası 6–8 faiz civarındadır, lakin ərzaq və nəqliyyat qiymətləri üzrə faktiki artım 10 faizdən yuxarıdır. Bu isə o deməkdir ki, orta təbəqə üçün real alıcılıq qabiliyyəti azalır.

Son aylarda yanacaq qiymətlərinin və ictimai nəqliyyat tariflərinin bahalaşması əhalinin gündəlik xərclərinə ciddi təsir göstərib. Əməkhaqqı artımı inflyasiyanı qabaqlamasa, hətta 3 faiz vergi belə aşağı gəlirli ailələr üçün ciddi yükə çevrilir. İnsanlar daha çox işləyib daha az qənaət edə bilirlər. Ona görə də infilyasiya və gəlir vergisinin yenidən tətbiqi fonunda əhalinin gəlirləri ötən illərə nisbətən daha çöx artırılmalıdır”.

Ekspertin dediyinə görə, yeni model beynəlxalq təcrübəyə uyğun hesab olunur, yəni proqressiv vergi prinsipi tətbiq edilir, gəlir artdıqca vergi də artır. Lakin iqtisadi sabitlik olmayan şəraitdə bu sistem bərabərsizlik hissini gücləndirə bilər: “Ona görə də hökumət qeyd etdiyim təklifləri nəzərə almalıdır:

1. Vergi güzəşt limitinin artırılması – məsələn, 2500 yox, 3000 manata qədər gəlirlər üçün minimal dərəcə tətbiqi;

2. Aşağı gəlirlilərə kompensasiya mexanizmi – sosial sığorta və ya nəqliyyat subsidiyası formasında;

3. İnflyasiyaya indeksləşdirilmiş maaş artımı – xüsusilə dövlət sektorunda.

Əgər inflyasiya 2026–2027-ci illərdə də eyni templə davam edərsə, bu vergi modeli real gəlirləri azaldacaq, orta təbəqənin xərclərini ağırlaşdıracaq, daxili istehlak bazarını zəiflədəcək.

İqtisadi təhlillər göstərir ki, ədalətli vergi siyasəti təkcə dərəcələrin ədalətliliyi ilə deyil, həm də sosial balansla ölçülür. Əgər artan vergi gəlirləri əhalinin sosial rifahına yönəldilərsə, bu sistem sabit inkişaf üçün əsas ola bilər”.

Günel CƏLİLOVA

Seçilən
46
baki-xeber.com

1Mənbələr