Keçmiş prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını birləşməyə, həmrəyliyə və oktyabrın 26-da Tbilisidə keçirilməsi nəzərdə tutulan mitinqdə iştirak etməyə çağırıb.
NOCOMMENT.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu çağırışı Salome Zurabişvili mətbuat konfransında səsləndirib.
26 oktyabr hadisələrindən bir il keçdiyini xatırladan sabiq prezident bildirib ki, bu müddət cəmiyyət üçün çox ağrılı keçib, çünki hamı iqtidarın davamlı, hətta son günlər daha da şiddətlənən isterik repressiyalarının şahidi olub. “Rus modeli hər şeyə şamil edilir, indi biz müxalifət partiyalarının və onların üzvlərinin siyasi fəaliyyətlə məşğul olmasını qadağan edən qanunun qəbulunu gözləyirik. Gürcüstan Rusiya məkanına daxil olur, çünki sanksiyalı gəmilər buraya sanksiyalı neft daşıyırlar. Biz Rusiyanın sanksiyalardan yan keçdiyi yola çevrilmişik və bu səbəbdən Gürcüstan hər şeyin mümkün olduğu kriminal boz zonaya çevrilir”, – deyə Zurabişvili vurğulayıb.
Amma sabiq prezident hesab edir ki, rejim repressiv olsa da, artıq ölkəyə nəzarət edən rejim deyil. “Əsas odur ki, bu gün biz hökumətin heç nəyə nail olmadığı və onun son anının gəldiyi zaman nələrin baş verdiyinin şahidi oluruq. Bunlar daxili çəkişmələrdir. Bunu nə qədər antikorrupsiya kampaniyası kimi təqdim etməyə çalışsalar da, əslində bunlar daxili kriminal münaqişələrdir. Rejim daxilində İvanişvilinin özü ilə ən yaxın adamları arasında tam inamsızlıq hökm sürür. Bu qondarma komandanın üzərində qurulduğu inam artıq yoxdur”.
O, cəmiyyəti dözümlü olmağa və son mərhələyə hazır olmağa dəvət edib: “Oktyabrın 26-da biz hamımız bir araya gələcəyik və bir daha bəyan edəcəyik ki, etirazlar yox olmayacaq, həmrəylik yox olmayacaq və Gürcüstan əbədidir”.
Xatirə SADİQ