AZ

Fəzail İbrahimli Masallı rayonunda vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Fəzail İbrahimli 25 oktyabr 2025-ci il tarixində Masallı rayonunda növbəti vətəndaş qəbulunu keçirib...

Poliqon xəbər verir ki, qəbulda Masallı şəhərinin inzibati ərazi dairəsinə daxil olan Seybətin, Diyə, Dadva, İsgəndərli və Kosakül massivlərindən olan vətəndaşlar iştirak ediblər.

Vətəndaş qəbulu Vətən Müharibəsi qəhrəmanı, şəhid Ramiz Cəfərovun adını daşıyan Masallı şəhəri 6 saylı tam orta məktəbdə təşkil olunub.

Qəbuldan əvvəl Milli Məclisin deputatı Fəzail İbrahimli məktəbin foyesində şəhidin şərəfinə ucaldılmış barelyefi ziyarət edib. Şəhidin ruhuna dualar oxunub, xatirəsinə gül dəstələri qoyulub.

Deputat qeyd edib ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə və doğmalarına diqqət və qayğının göstərilməsi hər birimizin mənəvi borcudur.

Qəbul zamanı hər bir sakin müxtəlif sosial, məişət, məşğulluq və infrastruktur məsələləri ilə bağlı təklif, şikayət və müraciətlərini səsləndirib. Fəzail İbrahimli onların fikirlərini diqqətlə dinləyib, qaldırılan problemlərin bir qismini yerində həll edib.

Bəzi müraciətlərin həlli üçün isə qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib. Deputat qeyd edib ki, vətəndaşların problemlərinin operativ və ədalətli həlli onun fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir.

Görüş səmimi, qarşılıqlı hörmət və anlayış şəraitində keçib. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Poliqon.info

Seçilən
103
poliqon.info

1Mənbələr