AZ

Doktorantura təhsilində bürokratçılıq o həddə çatıb ki, oxuyan “yoxdur”...


Məhərrəm Zülfüqarlı: “…Səbəb doktoranturada dissertasiya müdafiəsinə qoyulan çox ciddi tələblər və ağır şərtlərdir”

Ali təhsilin ən yüksək səviyyəsi, pilləsi olan doktoranturaya marağın az olduğu, bu istiqamətə gənclərin meylinin azaldığı uzun müddətdir ki, müzakirə mövzusudur. Dəfələrlə elm adamları da, təhsil mütəxəssisləri də, rəsmilər də bu problemi dilə gətiriblər.

Bakı Dövlət Universitetində (BDU) keçirilən elm və ali təhsil üzrə ictimai dinləmədə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Doktoranturaya qəbul faizi ciddi şəkildə aşağı düşüb”-deyə bildirib.

Nazir müşaviri bildirib ki, gənclərin doktorantura təhsilinə marağının artırılması ilə bağlı ciddi islahatlara ehtiyac var.

Gənclərin doktoranturaya marağının azalması, doktoranturaya qəbul faizinin aşağı düşməsinin səbəbləri, çox təəssüf ki, bəzən yanlış izah edilib. Əksər ekspertlərin fikrincə, gənclərin doktorantura təhsilinə meyl etməməsi, yaxud zəif şəkildə maraq göstərməsinin təqsiri nə onlardadır, nə də cəmiyyətdə. Ekspertlər hesab edir ki, bu halın yaranmasının günahı elm və təhsili idarə edənlərdədir. Onların sözlərinə görə, son dövrlər cəmiyyət elm və təhsilə rəhbərlik edən qurumların, şəxslərin qarşıdurmaları, elmi inkişaf etdirmək əvəzinə başqa işlərlə məşğul olduğu barədə kifayət qədər infornmasiya alır. Bu sahəyə rəhbərlik edən şəxslərin üzərinə daha çox məsuliyyət düşdüyünü deyən ekspertlər hesab edirlər ki, bu prosesdəki əngəllər, neqativlər aradan qaldırılmalıdır. Deyirlər ki, doktoranturaya qəbul qaydaları, elmlə məşğul olmaq məsələsi o qədər qəlizləşdirilib, o qədər çətinləşdirilib ki, buna gənclər meyl etsmir. Bu prosesdə o qədər əlavə, izafi sənədlər, kağız-kuğuz tələb olunur ki, gənclər nə edəcəyini bilmir. “O sənəd olmalıdır”, “bu sənəd olmalıdır”, “sənədiniz düz deyil”, “sizin sənədə filankəs qol çəkməlidir, onun da bu günlərdə vaxtı yoxdur, gözləyin” kimi sözlərlə o qədər bürokratik əngəllər yaradılır ki, doktoranturaya sənəd vermək istəyən gənclərin çoxunun həvəsi yerindəcə sönür. Müdafiə prosesinin bu şəkildə ağır olması, təbii ki, ciddi narazılıq da doğurur. Nazirin müşaviri islahatdan danışır, bu islahat gərək artıq tələblərin ixtisar edilməsi ilə nəticələnsin ki, bu proses bir az yüngülləşsin. Doktoranturaya qəbul qaydaları tamamilə sadələşdirilməlidir ki, gənclər qəbul olsun və maneəsiz müdafiə edə bilsinlər.

Elmi cameədə diktoranturaya qəbul prosesinin mürəkkəbliyi daim tənqid olunur və hətta belə iddialar da edilir ki, bəzi hallarda kimlərinsə qohumları, hansısa vəzifəli şəxslərin övladları üçün doktoranturada yerlər ayrılır, bu da digərləri üçün əngəl yaradır. Həqiqətən də deyilənlər doğrudursa, bu lap Sovet dövründəki yanaşmanı xatırladır. O vaxt da aspiranturaya əsasən vəzifəli şəxslərin, elmin idarəçiliyində yüksək vəzifə tutan şəxslərin yaxınlarına xüsusi yerlər ayrılırdı, bu da kasıb-kusubun kənarda qalması ilə nəticələnirdi.

“Elmə rəhbərlik edən şəxslərin adlarının korrupsiyada, qruplaşmalarda, müəyyən xoşagəlməz məsələlərdə…”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, doktoranturaya qəbul faizinin ciddi şəkildə aşağı düşməsinin bir çix səbəbləri var: “Birinci səbəb maddi stimulun olmamasıdır. Yəni doktoranturaya daxil olub müdafiə edib elmi dərəcə alanların əməkhaqqının aşağı səviyyədə olması gənclərin doktoranturaya gəlməsinə mane olur. Burda ikinci səbəb doktoranturada dissertasiya müdafiəsinə qoyulan çox ciddi tələblər və ağır şərtlərdir. Yəni doktoranturaya daxil olmaq istəyənlərdən imtahanla yanaşı məqalələrinin xarici ölkələrdə reytinqli jurnallarda çap olunması kimi məsələlər tələb olunur ki, buna da çoxlarının maddi imkanı olmur. Bundan başqa, doktorantura sahəsində neqativ hallar mövcuddur. Bu neqativ hallardan biri ondan ibarətdir ki, Azərbaycanda vəzifəli şəxslərin bir çoxu elmi dərəcə, elmi ad almaqla özlərini reklam etmək istəyir. Özləri heç bir zəhmət çəkmədən, elmi işlərini başqalarına yazdırmaqla elmi dərəcələr alırlar. Bəzi məmurların neqativ yollarla elmi dərəcələr alması gəncləri ruhdan salır. Yəni bu neqativ hallar gənclərin elmə gəlməsinə mənfi təsir göstərir. Elmə saf niyyətlə gələn gənclərə çoxlu çətinliklər yarandığı bir vəziyyətdə hansısa bir vəzifəli şəxsin gəlib onların başının üstündən elmi dərəcə alması mənfi nəticələr verir, gəncləri ruhdan salır. Bundan başqa, gənclər görür ki, elm sahəsində hansısa vəzifəyə getmək üçün elmi dərəcəyə ehtiyac yoxdur. Məsələn, Elm və Təhsil Nazirliyinin şöbələrinə baxsaq görərik ki, orda işləyənlərin, rəhbər vəzifə tutanların əksəriyyəti bakalavr və magistr təhsilli insanlardır. Amma bunlar ali məktəblərdə professorlara, dosentlərə rəhbərlik edirlər”.

M.Zülfüqarlı qeyd etdi ki, bir sıra gənclər də doktorantura təhsili almadan, dissertasiya müdafiə etmədən də o cür vəzifələrdə işləyə biləcəklərini bilirlər. M.Zülfüqarlının fikrincə, ona görə onların ali təhsilin bu mühüm pilləsinə maraqları azalır. M.Zülfüqarlı bu neqativ halların aradan qaldırılması üçün bildirir ki, səsləndirdiyi səbəblər aradan qaldırımalıdır. O hesab edir ki, ilk növbədə maddi stimul yaradılmalıdır. “Gənclər bilməlidir ki, əziyyətlə müdafiə etdikdən sonra onun əməkhaqqında xeyli artım olacaq, yaşayışını təmin edəcək. Məsələn, Sovet dövründə indi fəlsəfə doktoru statusunda olan elmlər namizədi 300-350 manat maaş alırdı. Halbuki, digər sahələrdə əksəriyyət 120-150 manat maaş alırdı. Deməli, o vaxt elmdə olanların maddi stimulu var idi. İndi isə müdafiə edənlərin maaşına cəmi 60 manat əlavə olunur. Bu da savadlı, başqa sahələrdə daha çox pul qazanmaq istəyən gəncləri elmdən uzaqlaşdırır. Yəni bu 60 manat elə problemin əsasını təşkil edir. Maaş 60 yox, 600 manat artarsa, bəlkə də gənclərin doktoranturaya marağı artar. Amma əziyyətlə müdafiə et, imtahan ver, xaricdə məqalə çap etdir və maaşına da cəmi 60 manat əlavə olunsun. Mənə belə gəlir ki, biz inkişaf etmiş dövlətlərin bilavasitə təcrübəsindən istifadə etməliyik. Ən azından qardaş Türkiyənin təcrübəsindən yararlanmalıyıq. Orda elmə, müəllimə verilən dəyər çox yüksəkdir. Təəssüf ki, Azərbaycanda biz hələ buna nail ola bilməmişik. Dediyim neqativ hallar aradan qalxarsa gənclərin elmə marağı daha da artar və bu da Azərbaycan elminin inkişafına səbəb olar. Bu gün elmə rəhbərlik edən şəxslərin sosial şəbəkələrdə tənqid olunması, adlarının korrupsiyada, qruplaşmalarda, müəyyən xoşagəlməz məsələlərdə hallandırılması da gənclərin elmə olan marağını azaldır. Yəni elmin idarəçiliyinə tamamilə təmiz şəxslər, elm adamları cəlb edilməlidir ki, bu neqativ hallar sıradan çıxsın, elm inkişaf etsin, gənclər elmdən qaçmasın”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA

Seçilən
54
baki-xeber.com

1Mənbələr