AZ

Aİ-nin Azərbaycandakı səfiri: Təhsil sahəsində reallaşan 29 layihədən 26-sı tamamlanıb, 3-ü davam edir

Bakı, 25 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan hökuməti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində təhsil sahəsində mühüm layihələr həyata keçirilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.

Səfirin sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində indiyədək ümumilikdə 29 layihə icra olunub, onlardan 26-sı artıq başa çatıb, 3 layihə isə hazırda davam edir.

“Bizim əsas dəstəyimiz təhsil sisteminin müasirləşdirilməsi və idarə olunmasının təkmilləşdirilməsi ilə bağlıdır. Peşə təhsili, akkreditasiya, diplomların tanınması, qeyri-formal və informal təhsilə, həmçinin inklüziv və məktəbəqədər təhsilin inkişafına dəstək göstərmişik”, – deyə Mariyana Kuyundziç vurğulayıb.

Səfir qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq uğurla davam edir:

“Bu gün burada təhsil və tədqiqat imkanlarının təqdim olunduğu sərgi keçirilir. Tədbirdə 30-a yaxın Avropa universitetinin nümayəndələri iştirak edir. Azərbaycanlı tələbələr və gənclər Avropada təhsil və elmi araşdırma imkanları ilə yaxından tanış ola bilirlər”.

“Erasmus+” proqramına da toxunan səfir bildirib ki, bu təşəbbüs bütün ölkələr, o cümlədən Azərbaycan üçün açıqdır:

“Ümid edirik ki, “Erasmus+” və digər təqaüd proqramları çərçivəsində daha çox azərbaycanlı tələbə Avropada təhsil almaq imkanı əldə edəcək. Marağın artması bizi sevindirir və gələcəkdə bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq”, – deyə Mariyana Kuyundziç əlavə edib.

Seçilən
81
azertag.az

1Mənbələr