AZ

Ekspert: Qazaxıstan-Azərbaycan münasibətləri yüksək etimad səviyyəsi nümayiş etdirir

Astana, 25 oktyabr, AZƏRTAC

Qazaxıstan-Azərbaycan münasibətləri həm siyasi, həm də strateji müstəvidə yüksək səviyyədə etimad nümayiş etdirir.

Bu fikri AZƏRTAC-a Qazaxıstanın Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun etnomediatoru Rüstəm Bektrumov bildirib.

O vurğulayıb: “Bu münasibətlər dostluq, qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanır. Əməkdaşlığın əsas sahələri nəqliyyat-logistika, rəqəmsallaşma və mədəni əlaqələrin inkişafı olaraq qalır”.

Bektrumovun sözlərinə görə, son üç ildə yüksəksəviyyəli təmasların dinamikası müttəfiqlik qarşılıqlı fəaliyyəti formatının bariz nümunəsinə çevrilib. O əlavə edib: “Prezident İlham Əliyev Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər ediblər. Bunlar sadəcə dostluq səfərləri deyil, ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin və qardaşlığın təzahürüdür”.

Qazaxıstanlı alim ikitərəfli münasibətlərin iqtisadi komponentinin xüsusilə diqqətəlayiq olduğunu vurğulayıb. O qeyd edib: “Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2025-ci ilin yanvar-avqust aylarında 547 milyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Həm də bu, yalnız başlanğıcdır. Ticarət artımı, xüsusən də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində davam edir”.

Rüstəm Bektrumov Qazaxıstanla Azərbaycanın Avrasiya məkanında nəqliyyat-logistika əməkdaşlığının və inteqrasiyasının uğurlu inkişafına nümunə olduğunu vurğulayıb. Ekspert, həmçinin ikinci böyük layihənin - rəqəmsallaşmanın vacibliyini qeyd edib: “Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzrə böyük layihə həyata keçirilir. Bu layihə təkcə Qazaxıstanı Azərbaycanla deyil, bütün Orta Asiya ölkələrini Azərbaycanla, daha sonra isə Türkiyə və Avropa ilə birləşdirəcək. Bu, bütün Türk dünyasının genişmiqyaslı rəqəmsal inteqrasiyası üçün əsas yaradacaq”.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində müxtəlif layihələri fəal şəkildə təşviq edir.

“Prezident İlham Əliyev çoxsaylı mədəni və iqtisadi təşəbbüsün həyata keçirildiyi TDT çərçivəsində çox böyük işlər görür. Azərbaycan Prezidentinin gələn il Azərbaycanda hərbi təlimlər keçirmək təklifi, eləcə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin TDT çərçivəsində Kibertəhlükəsizlik Şurası yaratmaq təşəbbüsü bu təşkilatın fəaliyyətinin yeni səviyyəyə yüksəldiyinin göstəricisidir”, - deyə o qeyd edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
36
2
azertag.az

3Mənbələr