AZ

Anar Bağırov: Bakı Arbitraj Mərkəzinin yaradılması Azərbaycanın hüquqi sistemində yeni mərhələnin başlanğıcıdır

Bakı, 25 oktyabr, AZƏRTAC

Müasir iqtisadiyyatın və qlobal ticarətin inkişafı bir çox hallarda məhkəmə sisteminin çevikliyindən, eyni zamanda, mübahisələrin alternativ həlli mexanizmlərinin səmərəliliyindən asılıdır. Bu baxımdan arbitraj institutu iqtisadi münasibətlərin tənzimlənməsi, investorların hüquqlarının müdafiəsi və biznes mühitinin şəffaflığının təmin olunması üçün mühüm vasitə kimi çıxış edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfransda səsləndirib.

A.Bağırov qeyd edib ki, Bakı Arbitraj Mərkəzinin yaradılması Azərbaycanda arbitrajın institusional əsaslarının möhkəmləndirilməsi, hüquqi münasibətlərdə ədalət, şəffaflıq və səmərəliliyin təmin olunması baxımından tarixi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu mühüm hadisə təkcə yeni bir hüquqi institutun formalaşması deyil, həm də ölkəmizin hüquq sisteminin beynəlxalq standartlara uyğun inkişafının bariz göstəricisidir.

“Dünya təcrübəsi göstərir ki, iqtisadi baxımdan uğurlu siyasət yürüdən dövlətlər məhkəmə sisteminin təkmilləşdirilməsi ilə yanaşı, alternativ mübahisə həlli mexanizmlərinin inkişafına da böyük diqqət ayırır. Arbitraj mexanizminin üstünlüyü ondan ibarətdir ki, o, tərəflərə yaranan mübahisələri daha çevik, məxfi və sərbəst qaydada həll etmək imkanı verir. Bu, həm investorların inamını artırır, həm də ölkənin beynəlxalq hüquqi nüfuzunun möhkəmlənməsinə xidmət edir. Əminliklə demək olar ki, Bakı Arbitraj Mərkəzi yaxın gələcəkdə nəinki Qafqaz və Mərkəzi Asiya regionunun, eləcə də dünyanın aparıcı arbitraj mərkəzlərindən birinə çevriləcək”, - deyə o əlavə edib.

 

Seçilən
104
azertag.az

1Mənbələr