Çağdaş dünyamızda elə ölkələr var ki, onlar özlərinin şanlı keçmişilə haqlı olaraq qürur duyur, ulu əcdadlarından qalmış mədəni irslə iftixar hissi keçirirlər. Belə ölkələrdən biri nəinki Türküstanda, eyni zamanda dünyanın iqtisadi həyatında özünəməxsus rol oynayan qardaş Qazaxıstandır. Qazaxıstan dünyanın okeana birbaşa çıxışı olmayan ən böyük ölkəsidir. Ölkə ərazisinin 44 faizini səhralar, 14 faizini yarımsəhralar, 26 faizini çöllər, 5,5 faizini meşələr təşkil etsə də, onu “çaylar və göllər diyarı” da adlandırmaq olar. “İkinci minilliyin adamı” statusunu qazanmış Çingiz xanın atlarının ayaq izləri bəlkə də bu gün də qazax çöllərində qalmaqdadır. Bu ərazilər və onların qədim sakinləri qazaxlar tarix boyu böyük cahangirlərin dağıdıcı hərbi yürüşlərinin şahidi olublar. Elinə, obasına, yurduna böyük məhəbbət bəsləyən qazax xalqı bu sınaqlardan şərəf və ləyaqətlə çıxmış, milli kimliyini qoruyub saxlamış, dözülməz məhrumiyyətlərə sinə gərmişdir. Bu gün bu çöllərdə başqa bir büsat yaşanır. Qazax xalqı öz sivil dövlətinin özüllərini möhkəmləndirməklə məşğuldur. Bu yolda keyfiyyətcə yeni mərhələ 1991-ci ildə Qazaxıstanın dövlət müstəqilliyinin qurulması oldu.
Azərbaycan və Qazaxıstan xalqlarını birləşdirən mənəvi və maddi dəyərlər mövcuddur. Tarixi abidələr, o cümlədən Xoca Əhməd Yasəvi məqbərəsi və qədim qalalar bu diyara ayaq basanların zövqünü oxşayır. Qazax xalqı ümumiyyətlə öz ölkələrinə gələn əcnəbilərə qarşı çox qonaqpərvər və səxavətlidirlər. Qazaxıstan Qərblə Şərqi birləşdirən nəqliyyat və kommunikasiya yollarının kəsişdiyi Avropa və Asiyanı birləşdirən qovşağın üstündə yerləşir. Qeyd etmək lazımdır ki, 15 min kilometr quru sərhədinə malik olan bu ölkənin 8 min kilometr məsafədə Rusiya ilə, 5 min kilometr məsafədə Çinlə həmsərhəd olması geosiyasi və geoiqtisadi önəmini artırır.
Azərbaycan ilə bir sıra sahələrdə oxşarlığa malik olan müasir Qazaxıstan çoxmillətli tərkibi ilə səciyyələnən prezident idarəetmə formasına malik unitar demokratik dövlətdir və dünyanın birbaşa okeana çıxışı olmayan ən böyük ölkəsidir. Hazırda burada modernləşməyə, siyasi və sosial islahatlara, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş uğurlu “Yeni Qazaxıstan” proqramı həyata keçirilir.
2025-ci il Qazaxıstanda “İşçi peşələri ili” elan edilib. Bununla əlaqədar olaraq Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “İşçi peşələri ili elan edilməsi haqqında” sərəncam imzalayıb. Bu addım ölkənin gələcək inkişafına yönəldilmiş bir gedişdir.
Ölkənin əsas ixrac məhsulları xammaldır (metal, neft, taxıl və yun). Qazaxıstan özünün beynəlxalq arenadakı mövqeyini nəzərə alaraq çoxvektorlu siyasət yürüdür. Onun mahiyyəti bütün yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq və inkişaf etdirməkdən ibarətdir.
Bəzən problemlərlə üzləşsə də ölkə iqtisadiyyatı davamlı inkişaf yoluna qədəm qoyub. 2024-cü ildə Qazaxıstan iqtisadiyyatı artan istehlak xərcləri və investisiyalar hesabına 4,8 faiz artıb. Pərakəndə satış isə real ifadədə 9,1 faiz çoxalıb. Qazaxıstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkənin ümumi daxili məhsulunun həcmi 6,3 faiz artacaq. Təkcə 2025-ci ilin 9 ayının yekunlarına görə, ümumi daxili məhsulun artımı elə 6,3 faiz təşkil edib. O cümlədən, real sektorda 8,1 faiz, xidmət sektorunda isə 5,3 faiz artım qeydə alınıb. Hımçinin ticarət 8,8 faiz, emal sənayesi 6,2 faiz, kənd təsərrüfatı 4,4 faiz artıb. Sənaye, ticarət və nəqliyyat ümumi daxili məhsul artımının 70 faizdən çoxunu təşkil edib.
Hesablamalara görə, bu il Qazaxıstanın ümumi daxili məhsulu 310 milyard dolları ötüb keçəcək və Mərkəzi Asiya iqtisadiyyatının təxminən 60 faizini təşkil edəcək. Qazaxıstanın əsas xarici ticarət tərəfdaşları həm idxalda, həm də ixracda aparıcı ölkələr olan Rusiya və Çindir. İlk beşliyə İtaliya (əsas ixracatçı), Hollandiya və Türkiyə də daxildir. Aİ, ABŞ, Cənubi Koreya və Avrasiya İqtisadi Birliyinə üzvü olan ölkələr də Qazaxıstanla mühüm tərəfdaşlardırlar.
Qazaxıstanın xarici siyasəti beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət üzərində qurulub. “Xarici siyasətin əsas məqsədi əlverişli xarici mühitin formalaşdırılması, siyasi və iqtisadi islahatlara əsaslanan ölkənin sabit inkişafının dəstəklənməsidir.
Qədim zamanlarda Qazaxıstan ərazisindən keçmiş əfsanəvi Böyük İpək Yolu bu gün özünün çiçəklənmə dövrünü yaşayır. Mübaliğəsiz deyə bilərik ki, hər ötən gün, həftə və ay onun önəmini artırmaqdadır. Bu yol türk dünyasını birləşdirməklə yanaşı, Qazaxıstanın dostlarının sayını da artırdı. Qazaxıstan özünün iqtisadi imkanlarını dünya birliyinə təqdim etmək üçün əlverişli mühit formalaşdırır.
Bütövlükdə Qazaxıstan hər il 1,5 milyard tondan çox mineral ehtiyatları mənimsəyir. Beynəlxalq ictimaiyyət Qazaxıstanı əsrimizin əsas enerji mənbələrindən biri hesab edir. Bu ölkə neft, qaz, kömür və uran filizi üzrə aparıcı qlobal ehtiyatlara malikdir. Bundan başqa, ölkənin kənd təsərrüfatı ixrac üçün kifayət miqdarda taxıl istehsal edir. Ölkə rəhbərliyi xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirərkən ilk növbədə bütün bu geosiyasi amillərdən yararlanmağa çalışır və bu da öz bəhrəsini verməkdədir.
2025-ci ildə Qazaxıstan qızıl ehtiyatlarını fəal şəkildə genişləndirir. Onun qızıl ehtiyatları cari ilin oktyabrında 316,5 ton təşkil edib. Bu göstəriciyə görə dünyada 18-ci yeri tutur.
Qazaxıstan 2024-cü ildə rekord miqdarda taxıl, xüsusilə də buğda məhsulu yığmaqla (26,7 milyon ton) onun başlıca istehsalçılarından birinə çevrilmişdir. 2025-ci ildə məhsulun təxminən 20-24 milyon ton olacağı gözlənilir ki, bunun da 15 milyon tondan çoxu buğda olacaq.
Təbii ki, bu qardaş ölkənin uğurları Azərbaycanı çox sevindirir. Uzun əsrlər boyu Qazaxıstan və Azərbaycan xalqları iki qardaş dövlət kimi sıx əlaqələrə malik olmuş, ictimai-siyasi formasiyadan asılı olmayaraq bir-birilə dinc əməkdaşlıq şəraitində yaşamışlar. Onlar çətin günlərdə bir-birinin əlindən tutmuş, dəstək olmuş, mədəni, elmi, sosial-iqtisadi sahələrdə əldə etdikləri uğurlarla bir-birini sevindirmişlər.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Qarşılıqlı münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdədir.
Hər iki ölkə həm beynəlxalq strukturlarda, həm də ikitərəfli və çoxtərəfli formatlarda fəal qarşılıqlı fəaliyyət göstərərək əməkdaşlığı genişləndirirlər. Ötən il iki ölkə arasında qəbul olunmuş tarixi bir qərar gerçəkləşdi. Yenicə təsis edilmiş Dövlətlərarası Şuranın birinci iclası öz işini uğurla başa vurdu.
Qarşılıqlı münasibətləri həyatın müxtəlif sahələrini əhatə edir. Onun bünövrəsini möhkəmləndirmək məqsədilə indiyədək Azərbaycanla Qazaxıstan arasında 170 hüquqi sənəd imzalanmışdır. Sevindirici haldır ki, bu il mayın 24-də “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanmışdır.,
Bu gün Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq həm də çoxtərəfli səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Onlar türk dövlətləri ailəsində birlikdə gələcəyə doğru inamla addımlayırlar. Azərbaycan və Qazaxıstan xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər platformalar çərçivəsində faydalı və konstruktiv fəaliyyət göstərir, səmərəli əməkdaşlıq edirlər. TDT bu yolda Qazaxıstanın gücünə güc qatır. Bu sahədə qardaş Azərbaycanın da özünəməxsus payı var. Prezident İlham Əliyev də vurğulamışdı ki, “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Son illər ərzində Prezident İlham Əliyevin bu qardaş ölkəyə 7 dəfə, Prezident Kasım-Jomart Tokayevin Azərbaycana 6 dəfə səfər etməsi qarşılıqlı siyasi, iqtisadi, ticarət, mədəni əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. 2025-ci il oktyabrın 21-də Astanada Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı və mətbuata verdiyi bəyanat iki ölkə arasında tərəfdaşlığın strateji səviyyədə qərarlaşdığını, müttəfiqlik münasibətlərinin bərqərar olduğunu bir daha nümayiş etdirdi.
Qazaxıstan tərəfi Qarabağın bərpasında Azərbaycana qardaşlıq köməyini heç vaxt əsirgəməmişdir. Sevindirici haldır ki, ötən il Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa edilmiş Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında yüksək qonağın özünün şəxsən iştirak etməsi yaddaqalan hadisə oldu.
Qazaxıstan həmçinin Türk dövlətləri arasında Azərbaycanın ikinci ən böyük ticarət ortağıdır. Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artıb. Hazırda iki ölkə arasında ticarət əlaqələri durmadan genişlənir. 2024-cü ildə qarşılıqlı əmtəə dövriyyəsi 470 milyon dollar təşkil etmiş, 2025-ci ilin ilk səkkiz ayında isə bu göstərici 547 milyon dollara yüksəlmişdir. Bu uğurlar həm də Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika sisteminin səmərəliliyinin artırılması və infrastrukturun modernləşdirilməsi sayəsində mümkün olmuşdur.
Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiya qoyuluşu 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayə yatırımı 136 milyon dollara çatıb.
Enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət kəsb edir.Hər iki ölkə üçün BTC-nin əhəmiyyəti getdikcə yüksəlir. SOCAR və “KazMunayQaz” şirkətləri arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranzitinə dair baş saziş imzalanıb. Iki ölkə arasında dərin su altında elektrik kabelinin çəkilişi layihəsi də uğurla həta keçirilir. Bu “yaşıl enerji” ixracında hər iki ölkənin mövqelərini gücləndirəcəkdir. Belə ki, “yaşıl enerji” sahəsi Azərbaycan–Qazaxıstan əməkdaşlığında mühüm yer tutur.
Orta dəhliz hazırda Avrasiya məkanında əsas tranzit xəttinə çevrilib. Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin reallaşdırılması regionu qlobal logistika xəritəsində mühüm mərkəzə çevirəcəkdir. Çindən Azərbaycana yük daşımalarının həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Gəmiqayırma sahəsində birgə layihələrin icrası isə sənaye sahəsində əməkdaşlığın yeni istiqamətlərindən biridir.
Ötən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi Türk dünyasının inteqrasiyasına, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə güclü təkan verib.
Hazırda Qazaxıstanda 130-dan çox xalq və millətin nümayəndəsi sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda olduğu kimi Qazaxıstanda da multikulturalizm sahəsində heç bir problem yoxdur və mübaliğəsiz qeyd edə bilərik ki, hər iki ölkədə milli azlıqlara münasibət Şərq və Qərb ölkələri üçün nümunə ola bilər.
İnam və qətiyyətlə demək olar ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, həmçinin müttəfiqlik haqqında mötəbər sənədin imzalanması Mərkəzi Asiyada və Cənubi Qafqazda sülh və təhlükəsizlik işinə töhfə verir, Şərq və Qərb arasında iqtisadi inteqrasiya prosesini gücləndirir, bir sıra ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yol açır, dinc əməkdaşlığın və quruculuq işlərinin miqyasının geniş vüsət alması üçün münbit zəmin yaradır. “Zəngəzur dəhlizi” işə düşəndən sonra isə onun bəhrəsini günçıxandan tutmuş günbatanadək bütün ölkələr görəcəklər. Bu işdə Azərbaycan və Qazaxıstan siyasi rəhbərliyi özlərinin məqsədyönlü fəaliyyətlərini qətiyyətlə davam etdirirlər.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti