Dostlarımız olmasa, yəqin ki, günlərimiz darıxdırıcı keçər. Elə buna görə də özümüzə, sözümüzə uyğun dostlar tapırıq. Dost isə gərək "dosta tən gələ..." Belə olmayanda dostluğun ömrü qısa olur, yollar ayrılıq dayanacağına tez yaxınlaşır.
Hamı kimi bizim də özümüzə bab dostlarımız var. Çoxu da qələm əhlidir. Amma hərə bir xüsusiyyətinə görə başqalarından fərqlənir. Arada-bərədə vaxt edəndə onların yazdıqlarını oxuyub yaradıcılıqlarından xəbər tuturuq. Həm maraqlı, həm də maraqsız yazıları olur.
Yazar dostlarımızın özləri kimi yaradıcılıq yolları da bir-birinə bənzəmir, necə deyərlər, eyni ağacın meyvələri deyillər. Güclü, maraqlı yazanı da var, zəif uyduranı da. Tənqidçilər demiş, yaradıcılıqları başdan-başa rəngarəngdir. Rəngarənglik də adamın başını yaman qatır, darıxmağa qoymur.
Dostlarımın arasında bir şairimiz var. İmzasına baxmasan, deyərsən dahidir -misraları bulaq suyu kimi qəlbindən süzülüb gəlir. Necə deyərlər, yazdığı şeirə möhrünü vurur. Başqa bir şair dostum da var ki, onun tam əksidir. Oxuyan kimi fikirləşirsən ki, ondan başqa kimsə belə mənasız misraları kağıza köçürməz. Həmin şair dostumuz özü yaxşı oğlan olsa da, nədənsə şeirləri o qədər də yaxşı deyil. Amma utandığımızdan bunları onun özünə deyə bilmirik. Qorxuruq ki, küsər, inciyər. Ona görə də şeirlərinin necəliyini soruşanda baş barmağımızı yuxarı qaldırırıq. İşarəmizi görəndə kefi xeyli durulur, üzündə təbəssüm yaranır, sanki telləri öz-özünə daranır.
Adını çəkmək istəmədiyim bu şair dostumuz isə şeirlə kifayətlənmir. Yaradıcılığı vulkan kimi püskürüb aşıb-daşanda, beyninə babat mövzunun toxumu düşəndə hekayədən-zaddan da qaralayır. Lakin bir iş var ki, hekayələri də şeirlərinə oxşayır, mənasını, məramını özündən başqa kimsə bilmir. İnsafən deyək ki, dostumuzun hekayələrinin mövzusu maraqlı olur. Girişini də əla toxuyur, ilmələri yerində vurur. Buna görə də oxucunun diqqətini tez cəlb edir. Lakin mövzunu axıra qədər maraqla davam etdirə bilmir. Elə bil istedadını yarıyolda əlindən salıb itirir, ilmələri barmaqlarının arasından sürüşüb çıxır. Buna görə hekayə olur maraqsız. Maraqsız hekayəni də indi heç kim oxumur.
Amma nə olsun, dostumuzun ildə 3-4 kitabı çıxır, baxmayaraq ki, onların 5-6 vərəqini oxuyandan sonra vaxtımızı səmərəli işlərə sərf etmək qərarına gəlirik. Yeri gəlmişkən, yalan-gerçək tanınan tənqidçilərdən biri dostumuzun yaradıcılığını az-çox araşdırandan sonra bu qənaətə gəlib ki, o, düşünmədən yazır. Sərt olsa da, düz deyir. Doğrudan da, kimsə ildə üç-dörd kitab yazırsa, deməli, düşünmür, ağzına və ağlına nə gəlir səpələyir vərəqlərin üstünə, yəni düşünməyə və düşündürməyə vaxtı qalmır. Bu başqa söhbətdir ki, buna istedadı var ya yox. Yəqin ki, yoxdur, olsaydı, indiyəcən üzə çıxardı.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"