AZ

Qaxlı igidlər haqqında jurnalist sözü

Vətən çağıranda Azərbaycanımızın bütün şəhər və bölgələrinin qəhrəman oğulları kimi, Qaxın igidləri də silaha sarılıb sinələrini yurda sipər etdilər. Birinci Qarabağ müharibəsində də belə oldu, 44 günlük Vətən müharibəsində də, erməni separatizminə son qoyan lokal xarakterli antiterror tədbirləri zamanı da...        

Çoxlarının həyatı yarımçıq qırıldı Vətən, torpaq, qeyrət deyərək öz müqəddəs məsləkləri uğrunda əldə silah irəlilədikləri o odlu yollarda. Odların-alovların içindən salamat çıxıb elinə-obasına  alnıaçıq, başıuca qayıdanlar da az deyil. Bəziləri yarımcandır, döyüşlərdə aldığı yaraların yeri hələ də göynəyir. "Amma indi ürəyimiz rahat döyünür, heç bir narahatlığı yoxdur" deyirlər. Çünki Azərbaycana qalib adını qazandırdıqları, özlərinin əsl Vətən övladı olduqlarını təsdiqlədikləri üçün və hünərləri ilə doğma rayonlarına başucalığı, şan-şöhrət gətirdikləri üçün qürurludurlar.

Onların bir çoxunun keçdiyi döyüş yolu, qəhrəmanlığı Qaxda yaşayıb-yaradan həmkarımız Xavər Əfəndiyevanın oxunaqlı oçerkləri, təfərrüatlı yazıları sayəsində oxuculara da çatdırılıb. Təkcə Xavər xanımın redaktoru olduğu "Şəlalə" rayon qəzeti vasitəsilə deyil, həm də respublikanın mərkəzi mətbuatı vasitəsilə. 

Biz Xavər Əfəndiyevanın qəhrəmanlarını bir-birindən seçmək fikrində olmadığımız üçün onların adlarını çəkmirik. Belə ki, onun təzəcə işıq üzü görən "Vətən çağırırdı..." kitabında 50-dən çox şəhid və qazinin döyüş və həyat yolu vərəqlənir.  Həm də bunlar  Vətən torpağı uğrunda canından, qanından keçən qaxlı   igidlərin yalnız  bəziləridir. 

Müəllif deyir: "Bu, qəhrəman Vətən oğulları haqqında ikinci kitabımdır. "Qaxdan Qarabağa gedən yol" adlı kitabımda 44 günlük Vətən müharibəsinin rayonumuzdan olan şəhidlərindən, qəhrəman zabitlərindən, qazilərindən hazırladığım və mərkəzi mətbuatda dərc olunan yazılarımı vermişdim. İkinci - "Vətən çağırırdı..." adlı bu kitabımda isə əsasən Qarabağ müharibəsinin son nöqtəsini qoyan, 2023-cü ilin 19-20 sentyabrında baş tutan, cəmi 23 saat 40 dəqiqə gedən lokal xarakterli antiterror tədbirlıəri zamanı şəhid olan beş Qax sakininin döyüş yolundan, yarımçıq qalan arzu və istəklərindən bəhs edən məqalələrlə yanaşı, Birinci Qarabağ müharibəsinin şəhidlərindən, Birinci və İkinci Qarabağ müharibələrinin qazilərindən, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən, həmyerlimiz olan zabitlərdən də söz açan yazılarım toplanıb. Bütün yazılarımın əsas qayəsi rayonumuzun igid övladlarını gələcək nəsillərə tanıtmaq, onlara Vətən sevgisinin müqəddəsliyini aşılamaqdır".

Xavər xanım onu da bildirir ki, müharibədə iştirak edən qaxlıların hamısı haqqında yazmayıb və bu mümkünsüzdür. Lakin onların hərəsi öz adını tarixə yazıb, daim yada salınacaq və zaman-zaman hər biri haqqında  jurnalistlər, yazıçılar da öz sözlərini deyəcəklər.  

Xavərin bu yazıları sadəcə bir döyüş xronikası, bir döyüşçü tərcümeyi-halı deyil. Bu yazıların hər biri həqiqətə əsaslanan hekayətdir. Hər şəhid itkisinin ağrıları onun kövrək və həssas ana qəlbindən keçir. Sanki hər qazinin yaralarına məlhəm olmaq istəyir. Hər əsgərin, zabitin hünəri  onu  bir vətəndaş kimi qürurlandırır. Və bütün bunları peşəkar jurnalist qələmi ilə  oxucularına çatdırır.

Bunun bir səbəbi də odur ki, deyilənlərin hamısını Xavər xanım  öz həyatında da, yəni əyani olaraq, birbaşa yaşayıb. Axı o həm də bir qəhrəman zabitin anasıdır. Oğlu, polkovnik-leytenant Sadiq Əfəndiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, İkinci Qarabağ  mühabəsinin veteranıdır. "Onunla fəxr edirəm" deyir Xavər xanım. Belə bir oğulun anası olmaq şərəfdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, şəhid və qazilər haqqında məqalələrin kitab halında çap olunması Araz və Sadiq Əfəndiyev qardaşlarının təşəbbüsü olub və  sözügedən hər iki nəşrin araya-ərsəyə gəlməsinə onlar dəstək verib. 

"Vətən çağırırdı..." adlanır Xavər Əfəndiyevanın yeni kitabı. Əlavə edək ki, onun qəhrəmanlarını çağıran təkcə Vətən deyildi, həm də qəlblərinin səsi, vicdanlarının harayı, vətəndaş qeyrəti idi. Elə Qax rayonundakı Heydər Əliyev Mərkəzində kitabın təqdimatı məqsədi ilə düzənlənən tədbirdə də bütün bunlar dönə-dönə vurğulandı.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
106
azerbaijan-news.az

1Mənbələr