AZ

Cənubi Qafqazda sülhün açarı regionun öz əlindədir

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş", Vaşinqton Bəyannaməsi ilə Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcı qoyuldu.

Bu tarixi sənədin imzalanmasından sonra hər iki ölkə rəhbərliyi tərəfindən atılan real və ardıcıl addımlar cəmiyyətləri sülhə hər ötən gün bir qədər də yaxınlaşdırır. Azərbaycan artıq Ermənistana yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırıb.

Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Prezident Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında demişdir: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktikada olduğunun göstəricisidir".

Azərbaycan həmişə regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın tərəfdarı olub. Uzun illər davam edən münaqişədən sonra sülh sazişinin imzalanması təşəbbüsünün müəllifi də məhz Azərbaycandır.

Ermənistana yük tranzitinin açılması dövlətimizin sülhə sadiqliyinin ən yaxşı  nümunəsidir. Bu addım həm də Azərbaycanın bölgədə qarşılıqlı etimad mühitini möhkəmləndirməyə yönəlmiş müdrik siyasətinin davamıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan və bir sıra erməni rəsmilərinin Prezident İlham Əliyevin bu qərarını alqışlaması da bunu təsdiqləyən faktdır.

Daha maraqlı məqam odur ki, tranzit məhdudiyyətlərinin aradan qaldırılması Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri ilə eyni vaxta təsadüf edib. Bu o deməkdir ki, etimadın möhkəmləndirilməsi yalnız siyasi səviyyədə deyil, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə də həyata keçirilir. İrəvanda ilk dəfə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüş sülhün sosial təməllərinin formalaşması baxımından əlamətdar hadisədir. Uzun illər davam edən düşmənçilikdən sonra cəmiyyətlərin bir-biri ilə təmas qurması, birgə müzakirələr aparması gələcək birgəyaşayış modelinin yaranmasına real töhfə verir.

Bütün müharibələrin sonu sülhlə bitir. Bu gün Ermənistan cəmiyyəti də anlayır ki, düşmənçilik və revanşizm siyasəti nə iqtisadi, nə də mənəvi baxımdan davamlı ola bilər. İqtisadi resursları məhdud, coğrafi mövqeyi isə mürəkkəb olan Ermənistanın yeganə inkişaf yolu Azərbaycanla sülh şəraitində yaşamaqdan keçir.

Xatırladaq ki, İrəvandakı görüşdə tərəflər siyasi məsələlərdən çox humanitar mövzular, iqtisadi və logistik imkanlar, qarşılıqlı etimadın möhkəmləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar. Birgə fəaliyyət planının işlənib hazırlanması məsələsinə də xüsusi diqqət yetirilib.

Ən mühüm məqam isə bu görüşlərin vasitəçisiz baş tutmasıdır. Uzun illər danışıqlarda "vasitəçi" kimi çıxış edən qüvvələrin, əslində, region xalqlarının taleyindən çox öz geosiyasi maraqlarını düşündüyü heç də sirr deyil. Uğurlu faktdır ki, bu gün artıq  Bakı və İrəvan heç bir kənar müdaxilə, "vasitəçi" olmadan danışıqlar aparır, vətəndaş cəmiyyəti inisitutlarının nümayəndələri birbaşa görüşlər təşkil edirlər. 

Qeyd edilməlidir ki, Ermənistan ictimaiyyətinin və mətbuatının əhəmiyyətli hissəsi, eləcə də bir sıra müxalif qüvvələr də bu görüşləri müsbət qarşılayıb. Amma bu o demək deyil ki, bütün proseslər tamamilə müqavimətsiz, rəvan, sakitliklə keçir. Ermənistanda revanşist qüvvələr anlayırlar ki, sülh prosesinin dərinləşməsi Paşinyan hökumətinin 2026-cı il seçkilərində uğur qazanmaq şansını daha da artırır. Revanşistlərin növbəti məğlubiyyəti onların avantürist  siyasi "fəaliyyətlərinin" sonu, işğalçılıq yolu ilə əldə etdikləri varidatlarının tezliklə əllərindən çıxması deməkdir. Elə bu üzdən də müharibə tərəfdarları  son güclərini toplayaraq   Paşiniyan hakimiyətinə qarşı əsl hücuma keçib, hazırkı hakimiyyəti "təslimçilik"də, "xəyanət"də ittiham edirlər. Bütün bunlarla yanaşı, reallıq göstərir ki, Bakı və İrəvan sülh gündəliyini irəlilətməkdə qərarlıdır.

Şübhə yoxdur ki, bundan sonra da bu cür görüşlər davamlı və müntəzəm xarakter alacaq. Yaxın zamanda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri reallaşarsa, bu artıq bizi təəccübləndirməməlidir. Unutmamalıyıq ki, bu cür təmaslar sülh mədəniyyətinin formalaşmasına, xalqlar arasında etimad mühitinin daha da möhkəmlənməsinə xidmət edir.

Təsadüfi deyil ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da görüşü yüksək qiymətləndirib: "Mən belə görüşlərin keçirilməsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin tərkib hissəsi kimi görürəm. Bu təmaslar insanlar arasında müsbət münasibətlərin yaranmasına yönəlib və sülhün möhkəmlənməsinə töhfə verəcək".

Bu proses bir daha göstərir ki, Cənubi Qafqazda sülhün açarı regionun öz əlindədir. Ermənistan da artıq anlayır ki, sülh  kənar diktə ilə, məcburi razılaşmalarla deyil, qarşılıqlı etimad və əməkdaşlıqla mümkündür.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
44
azerbaijan-news.az

1Mənbələr