AZ

Qızıl türk əsrinin Bakı başlanğıcı

I Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi Azərbaycanın türk irsinin qorunmasına növbəti töhfəsidir

Turanın birliyi, türk dünyasının vəhdəti həm də ulu babalarımızdan bizə ötürülən mənəvi mirasdır. Ötən dövrlərdə fikir adamlarımız, şairlərimiz, yazıçılarımız türk birliyinin var olması üçün ən çətin siyasi şəraitlərdə belə mücadilə aparıblar, bu yolda çoxları qurban gedib. Amma bu amal, əqidə heç zaman itməyib, damarlarımızda daşıdığımız türk qanı, ruhumuzla bağlı olduğumuz türkçülük ideyası kök ataraq, rişələnərək müasir günümüzə qədər gəlib. İndi biz türk birliyinin tarixi zirvəyə yetdiyi zamanda - qızıl türk əsrində yaşamağın qüruru  içərisindəyik. 

Tarixi köklərimizlə, dilimizlə, mədəniyyətimizlə ortaq dəyərləri paylaşdığımız türkdilli ölkələrin birliyinə uzanan bu keşməkeşli yolda əsas aparıcı qüvvənin Odlar yurdu Azərbaycan olması hər kəsə məlumdur. Təkcə bu gün deyil, düz yüz il əvvəl də Azərbaycan türk birliyinə əhəmiyyətli töhfələr verən mərkəz kimi var olub, bu həmrəyliyin möhkəmlənməsi, inkişafı, türk mədəniyyətinin inteqrasiyası üçün əhəmiyyətli işlərə imza atıb. 1926-cı ildə I Türkoloji Qurultayın Bakıda təşkil edilməsi, Türk Dövlətləri Təşkilatının təməlinin 2009-cu ildə Naxçıvanda qoyulması, 2020-ci il Vətən müharibəsi sayəsində türk dünyasının etnosiyasi coğrafiya cəhətdən birləşdirilməsi qətiyyən təsadüfi xarakter daşımır. Sadalananlar türk birliyinin var olması üçün xalqımızın, ölkəmizin bütün dövrlərdə  tarixi əhəmiyyət daşıyan silsilə tədbirlərin, müstəsna hadisələrin altına öz imzasını atmasını əyani ortaya qoyur.           

     

Birlik, sülh və əməkdaşlıq

Azərbaycanın Şuşa Zəfərinin beş illiyi ilə üst-üstə düşən Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ Zirvə görüşünün də rəmzi mənası oldu. "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr edilən və qurumun üzv və müşahidəçi ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirən Qəbələ Zirvəsi beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, həmçinin türk dünyasında birliyi, sülhü və əməkdaşlığı daha da dərinləşdirmək məqsədilə mühüm sənədləri təsdiq etməyə geniş imkan yaratdı. Tarixi toplantıda qəbul olunan sənədlər və XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın gələcək fəaliyyət istiqamətini müəyyənləşdirdi.  

Prezident İlham Əliyevin XII Zirvə Görüşündəki çıxışı zamanı səsləndirdiyi vacib əhəmiyyətli təkliflər türk birliyinin əbədiliyinə, türk irsinin qorunmasına xidmət edən təşəbbüslər kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidentinin bu təklifləri böyük türk dünyası ailəsinin həmrəyliyinin daha yüksək zirvələrə daşınmasına xidmət etdi. 

Tarixi Qəbələ Zirvəsində dövlətimizin başçısı İlham Əliyev toplantı iştirakçılarının nəzərinə çatdırdı ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir: "Burada 1926-cı ildə Bakıda təşkil edilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyətini bir daha vurğulamaq istərdim".

Azərbaycan lideri gələn il I Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdi. 

Bu həm də Prezident İlham Əliyevin türk ölkələri arasında qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə xidmət edən çağırışı idi. 

Dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri

Oktyabrın 22-də Prezident İlham Əliyev I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, I Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. 

Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün I Türkoloji Qurultaya evsahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi. "I Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur", - deyə sənəddə qeyd edilir.

Sərəncamda o da deyilir ki, I Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideya müasir şəraitdə uğurla gerçəkləşdirilir: "Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır". 

Türk tarixində əlamətdar hadisə

III Türkoloji Qurultay 26 fevral-6 mart 1926-cı ildə - doqquz gün ərzində Bakı şəhərində keçirilib. Tarixi qurultayda 131 nəfər nümayəndə iştirak edib, 17 iclas keçirilib. Qəbul etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlərin xüsusi yer tutduğu I Türkoloji Qurultay məşhur türkoloq Radlovun və "Dildə, fikirdə və işdə birlik" ideyasının müəllifi, türk dünyasının milli qürur mənbəyi İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. 

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra türk dünyasının mədəni irsinin qorunması istiqamətində vacib addımlar atıb. 5 noyabr 2005-ci ildə Prezident İlham Əliyev I Türkoloji Qurultayın 80 illik yubileyinin  keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. 

Prezident İlham Əliyevin 18 fevral 2016-cı ildə imzaladığı sərəncama uyğun olaraq, I Türkoloji Qurultayın 90 illiyi də ölkəmizdə dövlət səviyyəsində qeyd edilib. 

Gələn il isə tarixi qurultayın 100 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Bütün bunlar türk birliyinin siyasi, iqtisadi, hərbi sahədə güclənməsi istiqamətində mühüm addımlar atan Azərbaycanın türk dünyasının mədəni irsinin qorunmasına verdiyi mühüm töhfələr, həm də türk ailəsinin mədəni bağlarla daha da  möhkəmləndirilməsinə xidmət edən missiyasıdır. 

Bir sözlə, 2026-cı ildə türk dünyası I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsinin fonunda türk birliyinin, həmrəyliyinin bayramını keçirəcək. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
81
azerbaijan-news.az

1Mənbələr