Vətən müharibəsi zamanı strateji əhəmiyyətə malik əməliyyatlar
sırasında Qubadlı rayonunun azad edilməsi xüsusi yer tutur. Qubadlı əməliyyatı
İkinci Qarabağ müharibəsinin ən gərgin və həlledici döyüşlərindən biri olub.
2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Şanlı Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək Qubadlı
şəhərini və ətraf kəndləri düşmən işğalından azad etdi. Bu azadlıq böyük Qələbəyə
aparan yolun mühüm mərhələsi idi.
Qubadlının azad edilməsi uğrunda aparılan əməliyyat bir neçə
gün davam etmiş, düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yarmaq üçün şiddətli
döyüşlər getmişdir. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş, strateji yüksəkliklərdə
hərbi birləşmələr yerləşdirmişdilər. Buna görə də Qubadlını azad etmək üçün ilk
növbədə həmin yüksəkliklər ələ keçirilməli idi, çünki düşmən bu mövqelərdən
ordumuzun irəliləyişinə mane olurdu. Qəhrəman Azərbaycan əsgərləri yüksək peşəkarlıq,
mərdlik və fədakarlıq nümayiş etdirərək strateji yüksəklikləri ələ keçirdi və
bununla da şəhərin azad edilməsinə yol açdı. Ətraf kəndlər, o cümlədən Xanlıq,
Padar və Sarıyataq kəndlərinin azad edilməsi ilə Azərbaycan Ordusu Qubadlı
istiqamətində strateji üstünlüyə nail oldu. Strateji yüksəkliklərin ələ
keçirilməsindən sonra 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri
Qubadlı şəhərini tam olaraq düşməndən təmizlədi. Bu tarixi qələbə ümumi Zəfərə
aparan yolun mühüm mərhələsini təşkil etdi və Azərbaycan Ordusunun şücaəti sayəsində
Böyük Qələbəni daha da yaxınlaşdırdı.
Qubadlının azad edilməsi, eyni zamanda Ermənistanın illərlə
həyata keçirdiyi vandallıq və hərbi cinayətlərin miqyasını da üzə çıxardı. Məlum
oldu ki, ermənilər Xanlıq kəndində hərbi istehkamlar və baza qurmuş, həmçinin
xaricdən gətirilən ermənilər üçün qəsəbə salmışdılar. Bu faktlar bir daha göstərdi
ki, düşmən işğal etdiyi torpaqlarda məskunlaşma siyasəti həyata keçirərək beynəlxalq
hüququ kobud şəkildə pozmuşdur. Belə əməllər müharibə cinayəti sayılır və
Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma
aparan ölkə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Ermənistan da bu
cinayət əməllərinə görə mütləq cavab verməlidir.
Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri
və rayonun 41 kəndi yenidən qurulur, bərpa-quruculuq işləri bütün ərazilərdə
sürətlə aparılır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər bölgələrdə
olduğu kimi, Qubadlıya səfərləri də önəmli təməlqoyma və açılış mərasimləri ilə
əlamətdardır və bu, rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük
vüsətlə davam etdiyini göstərir. Həyata keçirilən bütün tədbirlər isə yalnız
bir məqsədə xidmət edir - keçmiş məcburi köçkünlərin tezliklə öz doğma
torpaqlarına, dədə-baba yurdlarına qayıda bilməsi üçün lazımi şərait yaratmaq.
Rayonun gələcək inkişafını təmin etmək üçün enerji infrastrukturunun gücləndirilməsi
də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci
ilin 9 sentyabr tarixində "Qubadlı
şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq etmişdir.
Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər
aparılır. İşğala qədər 38 min nəfərdən
çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun
ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb.
Hazırda 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda
inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının
38 MVt-dan artıq olacağı müəyyənləşdirilir. 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli
110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının açılışı olmuşdur.
Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi
enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz
edilməsi üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl"
yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110
kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik
verilişi xətti çəkilib. Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və
yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib
və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük
qabiliyyətinə malik sürətli internet xətti gətirilib.
Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən
Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə
40 hektar sahədə 190 fərdi evin tikintisi aparılır. Bu mərhələdə kəndə 836 nəfərin
köçürülməsi planlaşdırılır. Eyni zamanda rayon mərkəzindən 20 kilometr
uzaqlıqda, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndində
də genişmiqyaslı bərpa işləri həyata keçirilir. Kəndin layihələndirilən ərazisi
180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi nəzərdə tutulub. Nəticədə,
ilkin mərhələdə 772 nəfərin kəndə qayıdışı təmin ediləcək. Gələcəkdə isə
Zilanlı kəndində 630 ailənin - yəni 2520 nəfərin daimi yaşayışı planlaşdırılır.
Bu layihələr Qubadlı rayonunun sosial-iqtisadi inkişafına, həmçinin işğaldan
azad edilən ərazilərdə məskunlaşmanın bərpasına mühüm töhfə verir. 2023-cü il
sentyabrın 5-də Prezident İlham Əliyev "Yeni Qubadlı-Laçın avtomobil
yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam
imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü
kilometrindən başlayan yeni Qubadlı-Laçın yolunun layihələndirilməsi və
tikintisinin həyata keçirilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə 20 milyon manat vəsait ayrılıb.
Qubadlının azad edilməsi Azərbaycan tarixində xüsusi əhəmiyyət
daşıyan hadisə kimi həm hərbi qəhrəmanlığın, həm də xalqımızın birlik və şücaətinin
parlaq nümunəsi olmuşdur. Bu böyük zəfərin əldə edilməsində fərqlənən hərbi
qulluqçular Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
"Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdilər. 31
iyul 2023-cü il tarixli sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə şəhər
günləri təsis edilmiş və Qubadlı Şəhəri Günü hər il 25 oktyabrda qeyd edilir.
Bu əlamətdar tarix Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından
azad edilməsi ilə bağlıdır. Zəfər tariximizin ən qürurverici anlarından olan
Qubadlı zəfəri Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi xalqımızın
yaddaşında əbədi yaşayacaqdır.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı